Türkiyə Starlink-ə rəqib olacaq 198 peyklik şəbəkə yaradır

Türkiyə Starlink-ə rəqib olacaq 198 peyklik

Türkiyə ABŞ-ın “Starlink” peyk internet sisteminə milli alternativ yaratmaq üçün 198 aşağı orbitli peykdən ibarət “Astralink” şəbəkəsini istifadəyə verməyə hazırlaşır. Layihənin ilk peyklərinin yaxın iki il ərzində orbitə çıxarılması planlaşdırılır.

Monetar.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, layihənin icrasına dair rəsmi açıqlama Beynəlxalq Astronavtika Konqresində verilib. Türkiyənin müdafiə sənayesi şirkəti “Aselsan”ın rəhbəri Əhməd Akyol təşəbbüsü ölkənin kosmos sahəsində müstəqilliyini gücləndirmək istiqamətində addım kimi qiymətləndirib.

“Astralink” şəbəkəsinin əsas məqsədi Türkiyəni və onun tərəfdaş ölkələrini yüksəksürətli, dayanıqlı internetlə təmin etməkdir. Layihə çərçivəsində hərbi və dövlət qurumlarının rabitə xidmətlərindən istifadəsinə üstünlük veriləcək.

Şəbəkənin yerli imkanlar hesabına yaradıldığı bildirilir. Peyklər üçün mikrosxemlər, proqram alqoritmləri və antena qəbulediciləri “Aselsan” tərəfindən layihələndirilib.

İşlənməsinə 2025-ci ilin sonlarında başlanılan layihə türk dilində “Gökqabı” adlandırılır. İlk peyklərin yaxın iki ildə orbitə buraxılması ilə Türkiyənin milli peyk rabitəsi infrastrukturunun formalaşdırılması nəzərdə tutulur.