Bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur.
Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən təsis edilib və hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1918-ci il iyunun 17-də ilk səhiyyə və sosial təminat naziri vəzifəsinə Xudadat bəy Rəfibəyli təyin olunub. Həmin gün Azərbaycan səhiyyəsinin inkişaf tarixində mühüm mərhələ hesab edilir.
Ötən illər ərzində ölkəmizdə səhiyyə sahəsində geniş islahatlar həyata keçirilib, müasir tibb müəssisələri istifadəyə verilib, xəstəxanaların maddi-texniki bazası gücləndirilib və yeni tibbi texnologiyalar tətbiq olunub. Regionlarda diaqnostika mərkəzlərinin yaradılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və kadr hazırlığının təkmilləşdirilməsi bu sahədə görülən işlərin əsas istiqamətlərindəndir.
Tibb işçiləri xüsusilə COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə böyük fədakarlıq nümayiş etdiriblər. Həkimlər, feldşerlər və digər tibb əməkdaşları insanların sağlamlığının qorunması, yaralıların müalicəsi və həyatlarının xilas edilməsi üçün gecə-gündüz çalışıblar.
İnsanlara sağlamlıq bəxş edən, onların ümid yeri olan tibb işçiləri cəmiyyətin ən hörmətli peşə sahiblərindən sayılır. Peşə bayramı münasibətilə bütün səhiyyə əməkdaşlarını təbrik edir, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayırıq.
MONETAR.AZ