ABŞ-da oktyabr ayı üzrə məşğulluq hesabatı əmək bazarının gözləniləndən daha dayanıqlı olduğunu ortaya qoyub. Əmək Statistikası Bürosunun (BLS) cümə günü açıqladığı məlumatlara əsasən, yeni iş yerlərinin sayı proqnozu xeyli üstələyib. Bu nəticə enerji qiymətlərinin yüksəlməsi və süni intellektin məşğulluğa mümkün təsiri ilə bağlı narahatlıqlara baxmayaraq, ABŞ iqtisadiyyatında əmək bazarının möhkəmliyini qoruduğunu göstərir.
Hesabata görə, oktyabrda qeyri-kənd təsərrüfatı sektorunda (NFP) 165 min yeni iş yeri yaradılıb. Halbuki iqtisadçılar bu göstəricinin 65 min olacağını gözləyirdilər. Sentyabr ayı üzrə məşğulluq artımı isə yenidən nəzərdən keçirilərək 60 min səviyyəsində müəyyən edilib.
İşsizlik səviyyəsi proqnozlaşdırılan 4,2%-ə qarşı 4,1%-ə enib. Orta saatlıq əməkhaqqının illik artım tempi 3,1% təşkil edib. Bu göstərici sentyabrdakı 3,2%-dən aşağı olsa da, bazarın 2,9%-lik gözləntisini üstələyib. İşçi qüvvəsində iştirak səviyyəsi isə 61,9% olub.
Bundan əlavə, avqust və sentyabr ayları üzrə məşğulluq göstəricilərinə ümumilikdə 84 min iş yeri həcmində yuxarı istiqamətdə düzəliş edilib.
Oktyabrda məşğulluq artımının əsas hissəsi peşəkar və işgüzar xidmətlər, səhiyyə, nəqliyyat və anbar təsərrüfatı sahələrinin payına düşüb.
Digər tərəfdən, işsizlik müavinəti almaq üçün ilkin müraciətlərin son 57 ilin minimumuna enməsi əmək bazarındakı vəziyyətin möhkəmliyini göstərən amillərdən biri kimi qiymətləndirilir.
İqtisadçıların fikrincə, Tramp administrasiyasının immiqrasiya siyasətini sərtləşdirməsi və yaşlı nəslin təqaüdə çıxması əmək təklifini məhdudlaşdıraraq işsizlik səviyyəsinin aşağı qalmasına təsir göstərir.
Orta saatlıq əməkhaqqının illik artım tempinin fevral ayındakı 3,8%-dən oktyabrda 3,1%-ə enməsi əmək bazarından inflyasiyanın zəifləməsinə dair müəyyən siqnal kimi qiymətləndirilir. Bununla belə, əməkhaqqı artımının yavaşlaması yaşayış xərclərinin yüksəlməsi fonunda ev təsərrüfatlarının alıcılıq qabiliyyətinə təzyiq göstərə bilər.
Yaşayış xərclərinin bahalaşması ABŞ-da siyasi gündəmin də əsas mövzularından biri olub. Mənbədə qeyd edilən aralıq seçkilərdə seçicilərin Prezident Donald Trampın siyasətinə münasibətində bu amilin mühüm rol oynadığı bildirilir. İranla davam edən müharibə və ticarət tərəfdaşlarına qarşı tətbiq olunan tariflər də narazılıq doğuran məsələlər sırasında göstərilir.
Əmək bazarının gözləniləndən daha güclü nəticələr göstərməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr iclasında faiz dərəcələrini artırması ehtimalını gücləndirib.
CME FedWatch məlumatlarına əsasən, FED-in borclanma xərclərini 25 baza bəndi artıracağı ehtimalı təxminən 75% səviyyəsində qiymətləndirilir. CIBC Capital Markets və Capital Economics analitikləri hesab edirlər ki, tam məşğulluğa yaxın vəziyyət FED-ə inflyasiya ilə mübarizəyə daha çox diqqət ayırmaq imkanı verir.
Maliyyə bazarlarında da hesabatın açıqlanmasından sonra müsbət dinamika müşahidə olunub. Süni intellekt sektorunun perspektivləri ilə bağlı narahatlıqlar səbəbindən cümə axşamı baş verən satışlardan sonra çip istehsalçılarının səhmlərinə tələbat bərpa olunub. Nəticədə Nasdaq Composite və S&P 500 indeksləri yüksəlib.
Eyni zamanda, faiz dəyişikliklərinə həssas olan ABŞ-ın iki və 10 illik Xəzinə istiqrazlarının gəlirliliyi də artıb. Bu, əmək bazarının güclü göstəricilərinin FED-in gələcək pul-kredit siyasətinə dair bazar gözləntilərinə təsir etdiyini göstərir.
MONETAR.AZ