Avropa İttifaqı (Aİ) rusiyalı turistlərə viza verilməsi qaydalarının daha da sərtləşdirilməsini müzakirə edəcək. Avropa Komissiyasının yeni təkliflər paketini 2027-ci ilin yanvarında açıqlaması gözlənilir.
Monetar.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının rəsmilərinə və İsveçin ədliyyə naziri Qunnar Strömmerə istinadən məlumat yayıb.
Məlumata görə, Polşa, İsveç və Estoniya da daxil olmaqla bir sıra ölkələr rusiyalı turistlərə qarşı viza məhdudiyyətlərinin sərtləşdirilməsini dəstəkləyir. Həmin ölkələr bu addımı hibrid təhdidlərdən qorunmaq zərurəti ilə əsaslandırırlar.
İsveçin ədliyyə naziri Qunnar Strömmer Avropa Komissiyasının təklifləri daha tez təqdim etməsini istədiklərini bildirib.
“Politico”nun məlumatına əsasən, 2025-ci ildə Rusiya vətəndaşlarına Şengen zonasına səfər üçün təxminən 478 min turist vizası verilib. Onların əhəmiyyətli hissəsi çoxdəfəlik vizalar olub.
Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner də rusiyalılara verilən vizaların sayının azaldılmasına çağırıb. Bir sıra Aİ ölkələrinin məsələni oktyabrın 12-də keçiriləcək xarici işlər nazirlərinin iclasında müzakirəyə çıxarmaq niyyətində olduğu bildirilir.
2022-ci ilin sentyabrında Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimi haqqında sazişi dayandırıb. Nəticədə viza rüsumu 35 avrodan 80 avroya yüksəldilib, müraciətlərə standart baxılma müddəti isə 10 gündən 15 günə qədər artırılıb.
Bundan başqa, 2025-ci il noyabrın 8-dən Rusiya vətəndaşlarına yeni çoxdəfəlik Şengen vizalarının verilməsi məhdudlaşdırılıb. Müəyyən kateqoriyalar üçün istisnalar nəzərdə tutulub.
Avropa Komissiyası 2026-cı ilin iyununda rusiyalılara turist vizalarının verilməsinə tam qadağa hazırlamadığını açıqlayıb. Qurumun ayrı-ayrı şəxslərə, o cümlədən Ukraynadakı döyüşlərdə iştirak etmiş şəxslərə qarşı hədəfli tədbirlər üzərində işlədiyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi isə viza məhdudiyyətlərini ayrı-seçkilik kimi qiymətləndirib və Moskvanın öz maraqlarına uyğun cavab verəcəyini bəyan edib.