Azərbaycanda minimum əməkhaqqının ildə azı bir dəfə nəzərdən keçirilməsi mexanizminin tətbiqi ilə bağlı işçi qrupu yaradılıb.
Monetar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir.
Fuad Heydərov qeyd edib ki, bu mexanizmin reallaşdırılması məqsədilə artıq Nazirlər Kabinetində işçi qrupu formalaşdırılıb. Qrupda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eləcə də sosial tərəfdaşların nümayəndələri təmsil olunur.
Bildirilib ki, minimum əməkhaqqına yenidən baxılarkən "Yaşayış minimumu haqqında" Qanunda müəyyən edilmiş meyarlar, həmçinin müvafiq dövlət qurumlarının və təşkilatların fəaliyyət xüsusiyyətləri nəzərə alınacaq.
Yeni mexanizm çərçivəsində minimum əməkhaqqının həm saatlıq, həm də ümumi məbləğinin müəyyən edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, minimum əməkhaqqına ildə azı bir dəfə baxılması onun mütləq hər il artırılması demək deyil. Bu mexanizm minimum əməkhaqqının iqtisadi və sosial göstəricilər əsasında mütəmadi nəzərdən keçirilməsini nəzərdə tutur.