Boeing-də 17 min mühəndis və texnik şirkətlə danışıqlar masasına oturur

Boeing-də 17 min mühəndis və texnik şirkətlə danışıqlar

Dünyanın ən böyük aerokosmik korporasiyalarından biri olan "Boeing", cari ilin oktyabr ayında müddəti başa çatacaq əmək müqavilələrinin yenilənməsi məqsədilə mühəndis və texniki heyəti təmsil edən güclü həmkarlar ittifaqı ilə rəsmi danışıqlara başladığını elan edib.

Aerokosmik sənayedə peşəkar mühəndis işçilərini təmsil edən SPEEA həmkarlar ittifaqı, korporasiya daxilində fəaliyyət göstərən təxminən 17 min üzvünün maraqlarını qorumaq üçün rəsmi tələblər paketini şirkət rəhbərliyinə təqdim edib.

Rəsmi qrafikə uyğun olaraq, tərəflər arasında taleyüklü danışıqlar prosesinə məhz 1 iyul tarixindən etibarən start verilir.

Həmkarlar ittifaqı son illərdə inflyasiya təzyiqləri və aviasiya sektorundakı iş yükünün artmasını əsas gətirərək Boeing rəhbərliyindən ciddi güzəştlər tələb edir: əməkhaqlarının mövcud bazar standartlarına uyğun olaraq əhəmiyyətli dərəcədə artırılması, iş şəraitinin yaxşılaşdırılması və tibbi/sosial sığorta təminatının genişləndirilməsi, mühəndis və texniki işçilər üçün daha modern, çevik iş qrafiklərinin tətbiq olunması.

SPEEA prosesin daha effektiv idarə olunması və hər bir peşə qrupunun spesifik ehtiyaclarının qarşılanması məqsədilə "Boeing" ilə iki ayrı kollektiv əmək müqaviləsi imzalamağı hədəfləyir.

Son dövrlərdə təyyarə istehsalındakı texniki nasazlıqlar və keyfiyyətə nəzarət məsələləri ilə gündəmdən düşməyən "Boeing" üçün bu danışıqlar strateji əhəmiyyət daşıyır. Şirkətin mühəndis elitasını təmsil edən 17 minlik bu heyətlə ortaq məxrəcə gələ bilməmək, istehsalatda potensial gecikmələrə və ya tətil risklərinə yol aça bilər. Bu isə korporasiyanın Uoll Stritdəki səhmlərinə və qlobal sifariş qrafikinə növbəti ağır zərbə demək olar. Tərəflərin oktyabr ayınadək yekun sənədi imzalayacağı gözlənilir.

MONETAR.AZ