2026-cı ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində "SOCAR Polymer" MMC birinci yerdə qərarlaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"na əsasən, hesabat dövründə şirkətin ixracı 110,8 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 106,6 milyon ABŞ dollarından yüksəlib.
Reytinqdə ikinci yeri "AzerGold" QSC tutub. Şirkətin ixracı 107,6 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövründəki 81,9 milyon dollarlıq göstəricini üstələyib.
İlk üçlüyü ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tamamlayıb. Qurumun ixracı 84,6 milyon ABŞ dolları təşkil edib. Lakin bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında idarənin ixracı 183,9 milyon dollar olmuşdu.
Reytinqdə növbəti yerlərdə "Azəralüminium" MMC (81,8 milyon dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (29,6 milyon dollar), ARDNŞ-nin Qaz İxrac İdarəsi (7,6 milyon dollar), "Azərbaycan Hava Yolları" QSC (6,1 milyon dollar), "Azərenerji" ASC (4,7 milyon dollar), "SOCAR CAPE" MMC (430 min dollar) və "Naxçıvan Enerji" MMC (425 min dollar) qərarlaşıblar.
Hesabata görə, 2026-cı ilin ilk 5 ayında dövlət şirkətləri arasında qeyri-neft ixracında xüsusilə SOCAR Polymer, AzerGold və Azəralüminium yüksək artım nümayiş etdiriblər.
MONETAR.AZ