"TECHPRO DC" QSC-nin 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin satışdan gəlirləri ötən illə müqayisədə 8 faiz artaraq 94,4 milyon manata yüksəlsə də, satışların maya dəyərinin daha sürətlə artması nəticəsində ümumi mənfəət 18,4 milyon manatdan 9,6 milyon manata düşüb. Nəticədə əməliyyat mənfəəti 45 faiz azalaraq 2,6 milyon manat, xalis mənfəət isə 3,8 milyon manatdan 2,05 milyon manata enib.
İlin sonunda şirkətin cəmi aktivləri 42,58 milyon manat təşkil edib. Bununla yanaşı, pul vəsaitləri 7,7 milyon manatdan 5,3 milyon manata azalıb, ticarət debitor borcları isə 21,5 milyon manata yüksəlib. Mal-material ehtiyatlarında da artım qeydə alınıb.
Maliyyə hesabatına görə, şirkətin kapitalı ötən illə müqayisədə azalaraq 4,7 milyon manata düşüb. Eyni zamanda qısamüddətli öhdəliklər 37,9 milyon manata yüksəlib. Bank kreditlərinin həcmi 16,8 milyon manat, ticarət kreditor borcları isə 15,3 milyon manat təşkil edib.
Hesabatda texniki uyğunsuzluq da diqqət çəkir. Belə ki, cəmi aktivlər 42 577 687,63 manat göstərildiyi halda, cəmi kapital və öhdəliklər 42 577 687,64 manat təşkil edir. Göstəricilər arasında 0,01 manat fərq mövcuddur.
Qeyd edək ki, maliyyə hesabatları "Smart Audit" MMC tərəfindən audit olunub. Auditorun rəyinə əsasən, hesabatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanıb və audit zamanı əhəmiyyətli uyğunsuzluq müəyyən edilməyib.
MONETAR.AZ