BTC neft kəmərinin operatorluğu bp-dən SOCAR-a keçib

BTC neft kəmərinin operatorluğu

İyulun 1-dən Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin operatorluğu bp şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" (SMO) MMC-yə keçib. Bu barədə BTC Co. şirkəti məlumat yayıb.

Bildirilib ki, operatorluğun ötürülməsi Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən BTC boru kəmərinin bütün hissələrinə, həmçinin BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə bp-nin həyata keçirdiyi ümumi əməliyyatların idarə edilməsinə şamil olunur.

Məlumata əsasən, dəyişiklik BTC layihəsi üzrə əvvəlcədən imzalanmış müvafiq sazişlər çərçivəsində həyata keçirilib. Bununla belə, Səngəçal terminalının operatorluğu bp-də qalır və BTC Co.-nun səhmdarlıq strukturunda hər hansı dəyişiklik baş verməyib.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, şirkət 20 ildən artıq müddətdə BTC-nin təhlükəsiz və etibarlı fəaliyyətini təmin edib. O, SOCAR-ın da bu yüksək standartları davam etdirəcəyinə əmin olduğunu vurğulayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə qeyd edib ki, BTC boru kəməri Azərbaycanın enerji strategiyasının və beynəlxalq tərəfdaşlığının ən uğurlu nümunələrindən biridir. Onun sözlərinə görə, operatorluğun SOCAR-a keçməsi şirkətin beynəlxalq enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsinin göstəricisidir və strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətinin davam etdirilməsinə xidmət edəcək.

Qeyd edək ki, bundan əvvəl – 8 iyun 2026-cı il tarixindən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərində yerləşən obyektləri də müvafiq olaraq Azərbaycan və Gürcüstan hökumətlərinin səlahiyyətli qurumlarına təhvil verilmişdi.

SOCAR bildirir ki, bp ilə həyata keçirilən birgə hazırlıq işləri nəticəsində operatorluğun ötürülməsi təhlükəsiz və fasiləsiz şəkildə başa çatdırılıb, boru kəməri üzrə əməliyyatların davamlılığı tam təmin olunub.

MONETAR.AZ