Qeyri-neft ixracında qızıl, tomat və mis filizləri ilk üçlükdə yer alıb

Qeyri-neft ixracında qızıl, tomat və mis filizləri

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracında ən böyük pay qızıla məxsus olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"na əsasən, hesabat dövründə 167,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. İkinci yerdə 119,8 milyon dollarla tomat, üçüncü yerdə isə 112,5 milyon dollarla mis filizləri qərarlaşıb.

May ayında isə qeyri-neft ixracında lider məhsul 44,6 milyon ABŞ dolları ilə tomat olub. Siyahıda qızıl 36,5 milyon dollarla ikinci, çiyələk isə 26,6 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə şəkər ixracı 4,2 dəfə, pambıq ipliyi 2,4 dəfə artıb. Bitki və heyvan mənşəli piylər və yağların ixracı 57 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,6 faiz, pambıq lifinin ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 18,6 faiz, çayın ixracı 16,8 faiz, spirtli və spirtsiz içkilərin ixracı isə 6 faiz yüksəlib.

MONETAR.AZ