Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı öz işinə başlayıb.
İki gün davam edəcək bu mötəbər tədbirdə bankın fəaliyyətinin yekun nəticələri nəzərdən keçiriləcək, ötən maliyyə ili üzrə hesabatlar təsdiqlənəcək, həmçinin qurumun gələcək strateji fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Toplantı çərçivəsində iqtisadi və biznes dairələrinin böyük marağına səbəb olan "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda Biznes Forumu təşkil olunacaq.
Forumun əsas müzakirə mövzuları aşağıdakılardır:
-
Azərbaycanın dayanıqlı iqtisadi inkişaf prioritetləri və qeyri-neft sektorunun potensialı;
-
Qara Dəniz regionunda iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi;
-
QDTİB-nin Azərbaycanda maliyyələşdirdiyi infrastruktur və özəl sektor layihələri;
-
Qlobal maliyyə bazarındakı müasir tendensiyalar və mövcud çağırışlar.
Tədbir yalnız rəsmi platforma ilə məhdudlaşmır, həm də regionun biznes elitası üçün praktiki əməkdaşlıq meydanına çevrilir. Forum çərçivəsində keçiriləcək plenar sessiyalar və geniş təqdimatlarla yanaşı, yerli və xarici iş adamları arasında birbaşa əlaqələrin qurulması məqsədilə B2B (Biznesdən-Biznesə) formatında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
MONETAR.AZ