Dollardan qaçış: Valyuta bazarında nələr baş verir?

 Dollardan qaçış:  Valyuta bazarında

Azərbaycanın maliyyə bazarında uzun illərdir müşahidə olunmayan maraqlı və bir o qədər də əhəmiyyətli bir trend yaşanmaqdadır. Artıq bir ildən çoxdur ki (2025-ci ilin mart ayından bəri), əhali banklardan dollar almaqdan daha çox, əlindəki nağd dolları banklara satmağa üstünlük verir. Mərkəzi Bankın son hesabatları göstərir ki, dolların "etibarlı sığınacaq" funksiyası nağd bazarda öz cəlbediciliyini sürətlə itirir. Bəs rəqəmlər bizə nə deyir və bu tendensiyanın pərdəarxasında hansı iqtisadi faktorlar dayanır?

Son 5 ilin ənyüksək göstəricisi

2026-cı ilin ilk 5 ayının statistikası nağd dollar axınının yönünü tam şəkildə ortaya qoyur. Bu dövrdə əhali banklara 763.2 milyon dollar nağd valyuta satdığı halda, banklardan cəmi 489,3 milyon dollar alıb. Nəticədə, banklara doğru 273,9 milyon dollarlıq xalis nağd valyuta axını baş verib. Bu rəqəm son 5 ilin eyni dövrləri ilə müqayisədə rekord göstəricidir.

2023-cü ilin yanvar-may aylarında əhali banklara xalis olaraq 60,3 milyon ABŞ dolları satıb ki, bu da bazarda dollar satışının üstünlük təşkil etdiyini göstərir. Lakin 2024-cü ildə vəziyyət dəyişib və əhali 483,7 milyon ABŞ dolları həcmində xalis valyuta alıcısına çevrilib, yəni banklardan dollar alışı satışdan xeyli çox olub.

2025-ci ildən etibarən isə trend yenidən dəyişərək əhali tərəfindən dollar satışının artması müşahidə olunub. Bu dövrdə xalis satış 138,0 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-may aylarında bu tendensiya daha da güclənib və əhali banklara 273,9 milyon ABŞ dolları həcmində xalis valyuta satışı həyata keçirib.

Xüsusilə may ayında bu tendensiya pik həddə çatıb: bankların əhaliyə satdığı 71,4 milyon dollara qarşı, əhalidən alınan məbləğ 180.6 milyon dollar təşkil edib. Yəni təkcə bir ayda mübadilə nöqtələrinə 109 milyon dollardan çox xalis vəsait daxil olub.

Dollarlaşma səviyyəsi son 12 ayın ən aşağı səviyyəsində

Əhalinin dollara marağının azalması təkcə nağd bazarda deyil, banklardakı qorunan əmanətlərdə də özünü büruzə verir. Mərkəzi Bankın pul siyasəti qərarında qeyd olunur ki, rezident fiziki şəxslərin depozitlərində dollarlaşma səviyyəsi son bir ildə 2,8 faiz bəndi azalaraq 27 %-ə enib. Bu o deməkdir ki, vətəndaşlar artıq yığımlarını xarici valyutada deyil, milli valyuta olan Manatda saxlamağa daha çox etimad göstərirlər. Manatla olan depozitlərin faiz gəlirliliyinin cəlbedici olması və məzənnə sabitliyi bu prosesi sürətləndirən əsas amillərdəndir.

Bazarda dollar təklifinin tələbi üstələməsi Mərkəzi Bankın (AMB) valyuta hərraclarında aktiv alışyönlü müdaxilələr etməsinə şərait yaradıb. Bankların dollara tələbi minimuma endiyi üçün AMB bazardan xarici valyutanı özü almağa başlayıb. Bu müdaxilələr nəticəsində 2026-cı ilin ilk 5 ayında AMB-nin valyuta ehtiyatları 1,2 milyard dollar (və ya 10.4%) artıb. Ümumi strateji valyuta ehtiyatları 12.7 milyard dollarlıq tarixi zirvəyə yüksəlib.

1,7 psixoloji sədd necə qırıldı?

Bu prosesin ən maraqlı və hər bir vətəndaşın gündəlik hiss etdiyi tərəfi nağd mübadilə məntəqələrindəki (göy köşklərdə və bank şöbələrində) məzənnədir. Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin martından bəri rəsmi olaraq 1.7000 səviyyəsində sabit saxladığı dollar məzənnəsi nağd bazarda artıq bu rəqəmdən aşağı formalaşır.

Artan dollar təklifi valyuta bazarında spredin (alış və satış məzənnələri arasındakı fərqin) daralmasına və nəticə etibarilə satış qiymətlərinin tədricən aşağı enməsinə səbəb olub.

Rəsmi göstəricilərə əsasən, 1 ABŞ dollarının orta nağd satış məzənnəsi dövr üzrə azalıb. İlin əvvəlində 1 dolların orta nağd satış məzənnəsi 1.6986 manat, may ayında 1.6977 manat, iyun ayında isə 1.6970 manat təşkil edib. Mübadilə məntəqələrində dolların rəsmi məzənnədən ucuz satılması bazarda manat qıtlığının deyil, məhz dollar bolluğunun və manata olan yüksək tələbatın birbaşa göstəricisidir.

Azərbaycanda nağd valyuta bazarında yaşanan bu dəyişiklik iqtisadiyyatda sabitliyin və milli valyutaya olan inamın yüksək səviyyədə qaldığını göstərir. Əhalinin kütləvi şəkildə dollar satması, dollarlaşmanın tarixin ən aşağı səviyyələrindən birinə enməsi və Mərkəzi Bankın ehtiyatlarının sürətlə artması yaxın perspektivdə manatın devalvasiya riskinin sıfıra bərabər olduğundan xəbər verir. Cari iqtisadi konyuktura fonunda manat öz stabilliyini qorumağa və mövqelərini möhkəmləndirməyə davam edir.

MONETAR.AZ