Azərbaycanda icbari sığorta sistemi fəaliyyət göstərməsəydi, hər il 100-120 milyon manat həcmində zərərin kompensasiyası birbaşa vətəndaşların üzərinə düşəcəkdi.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak sığortası və risklərin qorunması: Evlərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
AMB rəsmisinin sözlərinə görə, avtonəqliyyat vasitələri üzrə icbari sığortanın başlıca hədəfi üçüncü tərəflərə dəyən zərərin təcili qaydada kompensasiya edilməsidir: "Əgər bu cür sığorta sistemi mövcud olmasaydı, yol-nəqliyyat hadisələrindən sonra tərəflər arasında ciddi anlaşılmazlıqlar meydana gələr və zərərə yol açan şəxs əksər hallarda dəymiş ziyanı kompensasiya etmək iqtidarında olmazdı. Şəxsin mülki məsuliyyəti ortaya çıxdıqda, dəymiş zərəri onun adından sığorta şirkəti ödəyir".
V. Qurbanov bildirib ki, Azərbaycanda sığorta şirkətləri avtonəqliyyat vasitələrinin icbari sığortası çərçivəsində hər il təqribən 100-120 milyon manat məbləğində təzminat ödəyir. Daşınmaz əmlakın icbari sığortasında da oxşar prinsip işlək vəziyyətdədir və əsas məram risklərin sığorta şirkətləri vasitəsilə örtülməsi, zərər baş verdiyi halda isə vətəndaşın əvvəlki maddi vəziyyətinin bərpa edilməsidir.
Baş direktor icbari sığorta tətbiq olunduqda əsas fokusun xidmətlərin əlçatanlığına yönəldiyini vurğulayıb: "Könüllü sığortada daha geniş əhatə dairəsi və fərdiləşdirilmiş sığorta haqları təyin etmək imkanı mövcuddur. İcbari sığorta növlərində isə minimum təminat həddləri müəyyənləşdirilir ki, xidmət qanunun tətbiq edildiyi hər bir vətəndaş üçün sərbəst və əlçatan olsun. Bu çərçivədən kənara çıxan əlavə təminatlar isə könüllü sığorta yolu ilə təklif edilir".
Sığorta mədəniyyətinin formalaşmasında insanların risklər haqqında məlumatlılığının mühüm rol oynadığını deyən AMB rəsmisi əlavə edib ki, icbari sığorta mexanizmlərinin əsas hədəflərindən biri də vətəndaşlarda sığorta alışqanlığı yaratmaqdır. Bu məqsədlə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən etibarən tətbiq olunmaqdadır.
MONETAR.AZ