Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını III oxunuşda qəbul edib

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Ötən il dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 5,4 faiz, proqnozlaşdırılan göstərici ilə müqayisədə isə 2,2 faiz çoxdur.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri isə 38 milyard 604,6 milyon manat olub. Xərclər illik müqayisədə 2,4 faiz artsa da, proqnozla müqayisədə 6,8 faiz az icra edilib.

İlin yekunlarına görə, dövlət büdcəsində 580 milyon manat məbləğində profisit yaranıb ki, bu da ölkədə istehsal olunmuş Ümumi Daxili Məhsulun (ÜDM) 0,45 faizinə bərabərdir.

Müzakirələr zamanı qeyd olunub ki, büdcədə artıqlığın (profisitin) formalaşmasına əsasən iki mühüm amil təsir göstərib. Bunlardan birincisi büdcə daxilolmalarının proqnozu üstələməsi, ikincisi isə büdcə təşkilatlarının xərclərini planlaşdırılandan 2 milyard 803 milyon manat az yerinə yetirməsi, yəni vəsaitlərə qənaət edilməsidir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

MONETAR.AZ