Azərbaycanda debitor borclarla bağlı məsələyə konseptual və kompleks şəkildə baxılmalıdır.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazir qeyd edib ki, 2025-ci ildə iri infrastruktur layihələri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib:
"Eyni zamanda, ötən il 1 milyard 797 milyon manat həcmində keçmiş illərin debitor borcları bağlanılıb, təşkilatların avans qalıqlarına dair məlumatlar təhlil edilib. Həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti 120 təşkilata müvafiq tapşırıqlar verib".
Sahil Babayevin sözlərinə görə, hesabat ilində istifadə olunmamış investisiya xərcinin əsas hissəsini – 334 milyon manatını xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlər təşkil edib. Bildirilib ki, proqnozlaşdırma zamanı bu layihələr hazırlıq tədbirləri, danışıqlar prosesi və kredit sazişlərinin imzalanmasının vaxt aparması nəzərə alınaraq optimist ssenarilər əsasında nəzərdə tutulur və cəlb edilən vəsaitlərə uyğun icra edilir.
Nazir həmçinin əlavə edib ki, hesabat ilində Nazirlər Kabineti tərəfindən "Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib. Bu qaydalara əsasən, investisiya layihələrinin tam və vaxtında həyata keçirilməsinə nail olunması məqsədilə müntəzəm monitorinqlərin aparılması nəzərdə tutulur.
MONETAR.AZ