Avrozonada kredit səs-küyü : Banklaşma son 3 ilin rekordunu qırdı

Avrozonada kredit səs-küyü : Banklaşma son 3 ilin

Avropa Mərkəzi Bankının (AMB) açıqladığı son rəsmi makroiqtisadi hesabat, avrozonada korporativ sektorun rəqəmsal və real iqtisadi aktivliyinin kəskin artdığını nümayiş etdirib.

AMB-nin rəsmi məlumatlarına görə, may ayında vahid valyuta blokunda fəaliyyət göstərən şirkətlərin bank kreditləşməsi son üç ilin ən yüksək artım tempini qeydə alıb. Bu tendensiya Avropa iqtisadiyyatında biznesin maliyyələşməyə olan tələbinin və investisiya aktivliyinin tədricən bərpa olunduğunu sübüt edir.

Hesabat dövründə həm biznes subyektlərinin, həm də fərdi istehlakçıların kredit bazarına marağı yüksəlib. Avrozonadakı qeyri-maliyyə korporasiyalarına verilən bank kreditlərinin illik artım tempi aprel ayındakı 3,4% səviyyəsindən mayda kəskin sıçrayış edərək 4,0%-ə yüksəlib. Bu, son 36 ayın ən yüksək göstəricisidir.

 İstehlak və ipoteka kreditlərini özündə birləşdirən ev təsərrüfatları seqmentində də dinamika müsbət zonadadır. Əhaliyə verilən kreditlərin illik artım tempi apreldəki 3,0%-dən may ayında 3,1%-ə çatıb.

Avrozonada ümumi pul kütləsinin həcmini və likvidlik dərəcəsini ölçən ən mühüm indikatorlardan biri – geniş M3 pul aqreqatı da iqtisadi canlanmadan xəbər verir.

Məlumata görə, M3 pul aqreqatının illik artım tempi aprel ayındakı 2,7% həddindən mayda 3,2%-ə yüksəlib. Pul kütləsinin bu sürətlə genişlənməsi bank sektorunun real sektoru daha intensiv maliyyələşdirdiyini və dövriyyədəki kapitalın artdığını göstərir.

İqtisadi analitiklər qeyd edirlər ki, kreditləşmənin bu tempdə sürətlənməsi AMB-nin qarşıdakı dövrlərdə faiz dərəcələri ilə bağlı qəbul edəcəyi qərarlara və avrozonanın inflyasiya hədəflərinə birbaşa təsir göstərə bilər.

MONETAR.AZ