AZAL Brüsselə birbaşa uçuşlara başlayır

AZAL Brüsselə birbaşa

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2027-ci ilin may ayından etibarən Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa müntəzəm reyslər həyata keçirəcək.

Aviaşirkətdən verilən məlumata görə, yeni istiqamət üzrə ilk uçuş 8 may 2027-ci il tarixində baş tutacaq. Reyslər həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Bildirilib ki, yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına töhfə verəcək. Eyni zamanda, sərnişinlər Avropanın əsas siyasi və iqtisadi mərkəzlərindən biri olan Brüsselə birbaşa səyahət etmək imkanı əldə edəcəklər.

Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarının yerləşdiyi şəhər olmaqla yanaşı, zəngin tarixi-mədəni irsi, Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri və qastronomiyası ilə turistlərin ən çox üz tutduğu Avropa şəhərlərindən biridir.

Şəhər həm də mühüm nəqliyyat qovşağı hesab olunur. Buradan Amsterdam, Lüksemburq, Köln və digər Avropa şəhərlərinə rahat və sürətli bağlantılar mövcuddur.

Bakı–Brüssel–Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır. Biletləri AZAL-ın rəsmi internet səhifəsindən, mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

MONETAR.AZ