"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatının yay mövsümünə uyğun, operativ və dayanıqlı şəkildə qarşılanması məqsədilə iyulun 1-dən etibarən bəzi marşrutlar üzrə qatarların hərəkət qrafikində mühüm dəyişikliklər edib.
ADY-dən verilən rəsmi məlumata görə, yay aylarında sərnişin axınının paytaxtdaxili xətlərdə azalması və bölgələrə doğru istiqamətlənməsi nəzərə alınaraq həm Abşeron dairəvi xəttində, həm də Bakı-Balakən reysində yeni hərəkət cədvəlləri tətbiq olunub.
Yay mövsümündə sərnişin sıxlığının azalması ilə əlaqədar olaraq Bakı-Sumqayıt-Bakı (Abşeron dairəsi) istiqamətində reyslərin sayı optimallaşdırılıb. Həftəiçi günlərdə reyslərin sayı sərnişin axınına uyğunlaşdırılaraq gündəlik 84 reys səviyyəsinə endirilib. Şənbə və bazar günləri qatarlar heç bir dəyişiklik edilmədən, əvvəlki standart hərəkət cədvəli ilə fəaliyyətini davam etdirəcək.
İyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.