Süni intellekt adı ilə yayılan kiberhücumlar 5 dəfə artıb

Süni intellekt adı ilə yayılan kiberhücumlar

2026-cı ilin ilk dörd ayında kiçik və orta sahibkarlıq subyektlərinə qarşı süni intellekt xidmətləri kimi maskalanmış zərərli proqram hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.

Bu barədə Kaspersky şirkətinin yaydığı araşdırmada bildirilir. Məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında Kaspersky həlləri Azərbaycan da daxil olmaqla dünya üzrə kiçik və orta bizneslərə qarşı 33 mindən çox belə kiberhücumu aşkarlayıb.

Araşdırmaya əsasən, ən çox istifadə olunan saxta platformalar ChatGPT (42%), Claude (24%) və DeepSeek (20%) olub. Hücumçular bu xidmətlərin adı altında əsasən troyan tipli zərərli proqramlar yayırlar. Bu proqramlar istifadəçi məlumatlarını oğurlaya, dəyişdirə, silə və ya digər zərərli proqramların kompüterə yüklənməsinə şərait yarada bilir.

Bundan əlavə, kibercinayətkarlar zərərli proqramları Telegram, WhatsApp və Zoom kimi məşhur mesajlaşma və videokonfrans platformaları kimi də təqdim edirlər. Hesabata görə, 2026-cı ilin ilk dörd ayında Kaspersky bu üsulla həyata keçirilən təxminən 415 min hücumun qarşısını alıb.

Kaspersky-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Vasili Kolesnikov bildirib ki, iş yerlərində süni intellekt alətlərindən istifadənin genişlənməsi fonunda kibercinayətkarlar da bu tendensiyadan faydalanmağa çalışırlar. Onun sözlərinə görə, istifadəçilər proqram təminatını yalnız etibarlı mənbələrdən yükləməli, şübhəli keçidlərə daxil olmamalı və təhlükəsizlik həllərindən istifadə etməlidirlər.

"Kaspersky Small Office Security" məhsulunun meneceri Rodion Pyanov isə qeyd edib ki, kiçik şirkətlər vaxt və büdcə məhdudiyyətləri səbəbindən kibertəhlükəsizlik sahəsində maarifləndirməyə kifayət qədər resurs ayıra bilmirlər. O hesab edir ki, xüsusi hazırlanmış təhlükəsizlik həlləri həm etibarlı müdafiə, həm də əməkdaşların təlimi baxımından effektiv seçimdir.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov da vurğulayıb ki, ölkədə fəaliyyət göstərən kiçik və orta bizneslər süni intellekt alətlərindən geniş istifadə etsələr də, uğurlu kiberhücumların əksəriyyəti istifadəçilərin diqqətsizliyi nəticəsində baş verir. Onun sözlərinə görə, əməkdaşların rəqəmsal savadlılığının artırılması biznesin təhlükəsizliyinə qoyulan ən səmərəli investisiyalardan biridir.

Şirkət bizneslərin kibertəhlükəsizliyini gücləndirmək üçün etibarlı təhlükəsizlik həllərindən istifadə etməyi, işçilər üçün mütəmadi kibertəhlükəsizlik təlimləri keçirməyi, korporativ resurslara giriş qaydalarını müəyyənləşdirməyi və vacib məlumatların müntəzəm ehtiyat nüsxələrini yaratmağı tövsiyə edir.

MONETAR.AZ