Son illərdə qlobal və regional iqtisadi dəyişikliklər, eləcə də turizm axınlarının bərpası Azərbaycanın mehmanxana sektoruna ciddi təsir göstərib. Rəsmi statistik göstəricilər 2021-2025-ci illər ərzində hotel biznesinin böhran mərhələsindən sürətli bərpa və artım dövrünə keçdiyini göstərir.
Zərərdən yüksək mənfəətə keçid
2021-ci il pandemiyanın təsirlərinin hələ də hiss olunduğu dövr olub. Sərhədlərin məhdud açılması və turist axınının zəifliyi hotellərin maliyyə nəticələrinə mənfi təsir göstərib. Həmin ildə mehmanxanaların ümumi gəlirləri 209,7 milyon manat olduğu halda, xərclər 231,5 milyon manata çatıb. Nəticədə sektor ili 21,8 milyon manat zərərlə başa vurub.
Sonrakı illərdə turizmin bərpası, beynəlxalq tədbirlərin artması və daxili turizmin genişlənməsi hotel biznesində müsbət dinamika yaradıb.
2025-ci ilin yekunlarına görə, mehmanxanaların gəlirləri 653 milyon manata yüksəlib, xərclər isə 535,1 milyon manat təşkil edib. Bunun nəticəsində sektor 118 milyon manata yaxın mənfəət əldə edib.
Gəlirlərin əsas mənbələri
Son 5 ildə mehmanxana gəlirlərinin əsas artım mənbəyi otaq satışları olub. 2021-ci ildə nömrələrin satışından əldə edilən gəlir 125,1 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 403,8 milyon manata yüksəlib.
Restoran və iaşə xidmətlərindən əldə olunan gəlirlər də əhəmiyyətli dərəcədə artıb. Bu sahədən daxilolmalar 60,7 milyon manatdan 177,4 milyon manata çatıb.
Sağlamlıq və müalicə xidmətləri göstərən hotellərdə də artım müşahidə olunub. Bu istiqamətdən əldə olunan gəlirlər 18,6 milyon manata yüksəlib.
Xərclər və sektorun iqtisadi töhfəsi
Mehmanxana biznesinin genişlənməsi xərclərin də artmasına səbəb olub. Lakin gəlirlərin artım tempi xərcləri üstələyib.
Ən böyük xərc maddəsi əməkhaqqı fondu olub. 2025-ci ildə hotellər işçi heyətinin saxlanmasına 173,5 milyon manat vəsait yönəldib.
Sektorun dövlət büdcəsinə töhfəsi də artıb. Vergi ödənişləri 12,8 milyon manatdan 45,3 milyon manata yüksəlib. Bununla yanaşı, enerji və yanacaq xərclərində də artım qeydə alınıb.
MONETAR.AZ