Hər il oktyabrın 22-də Beynəlxalq Məktəb Kitabxanaları Günü qeyd olunur. Bu gün məktəb kitabxanalarının təhsildəki roluna, şagirdlərin mütaliə vərdişlərinin inkişafına və kitaba marağın artırılmasına diqqət çəkmək məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Məktəb Kitabxanaları Günü 1999-cu ildən etibarən qeyd olunur. Günün qeyd edilməsi təşəbbüsü Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz tərəfindən irəli sürülüb. 2005-ci ildə birliyin yeni prezidenti Piter Cenko bu günün rəsmi statusunu təsdiqləyib.
2008-ci ildən etibarən tədbirin qeyd olunması bir aylıq dövrü əhatə etməyə başlayıb. Beləliklə, məktəb kitabxanalarına 22 oktyabr – 22 noyabr tarixləri arasında öz fəaliyyətlərinə uyğun gün seçərək müxtəlif tədbirlər keçirmək imkanı yaradılıb.
Məktəb kitabxanaları şagirdlərin mütaliə vərdişlərinin formalaşmasında, müstəqil araşdırma bacarıqlarının inkişafında və bilik dairəsinin genişlənməsində mühüm rol oynayır. Kitabxanalar həmçinin şagirdlərin dərsliklərdən əlavə mənbələrə çıxışını təmin edir və mütaliəyə marağı təşviq edir.
Beynəlxalq Məktəb Kitabxanaları Günü məktəblərdə kitabxana xidmətlərinin inkişafının, müasir informasiya resurslarına çıxışın və uşaqlar arasında mütaliə mədəniyyətinin təşviqinin əhəmiyyətini ön plana çıxarır.