25 ildə Avropada yaşayan miqrantların sayı 40,8 milyon nəfər və ya 67% artıb. Böyük Britaniya 7,1 milyon nəfərlik artımla ilk sırada yer alıb. Türkiyə isə 5,8 milyon nəfərlik artımla dördüncü olub.
Monetar.az xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) məlumatları əsasında hazırlanan təhlil Avropa ölkələrində yaşayan miqrantların sayını 2000-ci ilin iyulu ilə 2024-cü ilin iyulu üzrə müqayisə edir.
Miqrant əhalisinin sayına görə ən böyük artım Böyük Britaniyada qeydə alınıb. Ölkədə yaşayan miqrantların sayı 4,75 milyondan 11,85 milyona yüksəlib. İspaniyada göstərici 2,02 milyondan 8,87 milyona, Almaniyada isə 10,4 milyondan 16,75 milyona çatıb.
Türkiyədə yaşayan miqrantların sayı 1,28 milyondan 7,08 milyona yüksəlib. Beləliklə, 24 il ərzində artım təxminən 5,8 milyon nəfər təşkil edib.
İtaliyada miqrantların sayı 4,4 milyon, Fransada 3 milyon nəfərdən çox artıb. Avstriya, Niderland, İsveçrə və Belçika da miqrant əhalisinin sayında ciddi artım qeydə alınan ölkələr sırasındadır.
Miqrantların sayındakı artım faizlə hesablandıqda fərqli mənzərə yaranır. 2000–2024-cü illərdə Maltada yaşayan miqrantların sayı 827%, Bolqarıstanda 590%, İslandiyada isə 522% artıb.
Türkiyədə artım 454%, Rumıniyada 389%, İspaniyada 338% təşkil edib. Böyük Britaniyada isə miqrant əhalisinin sayı 149,5% yüksəlib.
Bununla yanaşı, bütün ölkələrdə artım müşahidə edilməyib. Rusiyada yaşayan miqrantların sayı təxminən 4,3 milyon nəfər azalıb. Bosniya və Herseqovinada isə göstərici 59% geriləyib.
Avropada miqrant əhalisinin artmasına iqtisadi imkanlar, Avropa İttifaqı daxilində sərbəst hərəkət, ailə birləşməsi və humanitar səbəblər təsir göstərib. İşçi qüvvəsinin yaşlanması da səhiyyə, tikinti və xidmət sektorlarında xarici işçilərə tələbatı artırıb.
Suriya böhranı və Rusiyanın Ukraynaya qarşı müharibəsi də qitədə miqrasiya istiqamətlərinə təsir edən amillər sırasındadır.
Miqrasiya əmək bazarındakı çatışmazlıqları aradan qaldırmağa, vergi gəlirlərini artırmağa və əhalinin yaşlanmasının təsirlərini azaltmağa kömək edə bilər. Bununla yanaşı, sürətli əhali artımı mənzil, təhsil və digər ictimai xidmətlərə əlavə yük yarada bilər.