Bu ölkələrdə kişilərin sayı qadınlardan xeyli çoxdur

Bu ölkələrdə kişilərin sayı qadınlardan

Kişiləri çox olan ölkələr əhalisinin payının ən yüksək olduğu ölkələr açıqlanıb

Dünya Bankının məlumatları əsasında hazırlanan araşdırmaya görə, bəzi ölkələrdə kişi əhalisinin payı dünya üzrə orta göstəricidən xeyli yüksəkdir.

Təhlilə əsasən, qlobal miqyasda kişilər və qadınlar arasında nisbət əsasən bərabər olsa da, bəzi ölkələrdə əmək miqrasiyası və demoqrafik amillər səbəbindən ciddi fərqlər yaranır.

Reytinqə Qətər liderlik edir. Bu ölkədə kişilər ümumi əhalinin təxminən 72 faizini təşkil edir. Birləşmiş Ərəb Əmirliklərində bu göstərici 64 faizdir.

Kişi əhalisinin yüksək olduğu ölkələr sırasında Maldiv adaları, Oman və Bəhreyn 62 faiz göstərici ilə növbəti yerləri tutur. Küveytdə və Səudiyyə Ərəbistanında kişilərin payı 61 faiz təşkil edir.

Siyahıda həmçinin Seyşel adaları (55 faiz), Palau (54 faiz), Butan, Bruney, Ekvatorial Qvineya və Qrenlandiya (53 faiz), Malayziya və Malta (52 faiz) yer alır.

Xüsusilə Körfəz ölkələrində kişi əhalisinin üstünlüyünün əsas səbəbi əmək miqrasiyasıdır. Tikinti, enerji, xidmət və infrastruktur sahələrində çalışan xarici işçilərin böyük hissəsi kişilərdən ibarət olduğuna görə bu ölkələrdə gender balansı dəyişir.

Kiçik əhalisi olan ölkələrdə miqrasiya proseslərinin təsiri daha qabarıq görünür. Böyük həcmdə xarici işçi qüvvəsinin ölkəyə gəlməsi əhali strukturunda ciddi fərq yarada bilir.

Bununla yanaşı, təbii doğum nisbəti də rol oynayır. Bioloji səbəblərə görə dünyada hər 100 qıza təxminən 105 oğlan uşağı doğulur.

Bəzi Asiya ölkələrində isə mədəni və sosial amillər bu fərqi daha da artıra bilər. Ümumilikdə, kişi və qadın nisbətinə həyat uzunluğu, miqrasiya, doğum göstəriciləri və sosial faktorlar birlikdə təsir edir.

MONETAR.AZ