Lisey və gimnaziyaların VII sinfinə qəbul imtahanı keçiriləcək

Lisey və gimnaziyaların VII sinfinə

 İyunun 30-da 2026–2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların VII sinfinə qəbul imtahanı keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, imtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü qiymətləndirən müxtəlif tipli suallar təqdim olunacaq.

İştirakçılara imtahan mərkəzinə müəyyən edilmiş vaxtdan ən azı bir saat əvvəl gəlmələri tövsiyə edilir. Şagirdlər yalnız buraxılış vərəqəsində göstərilən imtahan mərkəzində imtahanda iştirak edə bilərlər.

İmtahana gələn şagirdlər şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsinin çap olunmuş nüsxəsini özləri ilə gətirməlidirlər. Həmçinin buraxılış vərəqəsində 3x4 ölçülü fotoşəklin olması mütləqdir. Fotoşəkilsiz buraxılış vərəqəsi etibarsız hesab olunur.

Agentlikdən bildirilib ki, mobil telefon, ağıllı saat, qulaqlıq və digər elektron cihazların imtahan mərkəzinə gətirilməsi qadağandır. Həmin əşyaların saxlanılması üçün imtahan mərkəzlərində xüsusi yer ayrılmayacaq.

Bununla yanaşı, imtahan zamanı digər iştirakçılarla ünsiyyət qurmaq, köçürmə hallarına yol vermək və imtahan qaydalarını pozmaq qadağandır. Qaydaları pozan iştirakçılar barədə müvafiq tədbirlər görülə və onlar imtahandan kənarlaşdırıla bilərlər.

MONETAR.AZ