2026-cı il üzrə dünyanın ən yaxşı şəhərlərinin reytinqində Nyu-York birinci, London ikinci, Paris isə üçüncü yeri tutub. İlk onluqda ABŞ-ın beş şəhəri yer alıb.
Monetar.az xəbər verir ki, “Oxford Economics” şirkətinin 1000 şəhəri əhatə edən “Global Cities Index 2026” reytinqində şəhərlər iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ətraf mühit və idarəetmə meyarları üzrə qiymətləndirilib.
Reytinqdə iqtisadiyyatın payı 30%, insan kapitalı və həyat keyfiyyətinin payı ayrı-ayrılıqda 25% təşkil edir. Ətraf mühit və idarəetmə meyarlarının hər biri isə ümumi qiymətləndirmədə 10% çəkiyə malikdir.
Dünyanın ən yaxşı 10 şəhəri aşağıdakılardır:
1. Nyu-York, ABŞ
2.London, Böyük Britaniya
3. Paris, Fransa
4. Sietl, ABŞ
5. San-Fransisko, ABŞ
6. Dublin, İrlandiya
7. Boston, ABŞ
8. San-Xose, ABŞ
9. Tokio, Yaponiya
10. Sürix, İsveçrə
Nyu-York 2025-ci ildə 2,6 trilyon dollarlıq metropol iqtisadiyyatı ilə iqtisadi göstəricilər üzrə birinci yeri tutub. Şəhər maliyyə, texnologiya, media və iri şirkətlərin mərkəzi kimi mövqeyini qoruyub.
London insan kapitalı üzrə dünya birincisi olub. Şəhərdə universitetlərin və ali təhsilli mütəxəssislərin çoxluğu bu nəticəyə təsir edən amillər sırasındadır. Paris isə həyat keyfiyyəti üzrə dünyada 10-cu yerdə qərarlaşıb.
ABŞ şəhərləri iqtisadi göstəricilərlə seçilsə də, bəzi sahələrdə zəif nəticələr göstərib. Nyu-York ətraf mühit üzrə 262-ci, Boston isə 289-cu yerdə qərarlaşıb. San-Xose iqtisadiyyat üzrə üçüncü olsa da, insan kapitalı kateqoriyasında 121-ci yeri tutub.
Avropa şəhərləri isə həyat keyfiyyəti və idarəetmə göstəriciləri ilə fərqlənib. Oslo həyat keyfiyyəti üzrə altıncı, Kopenhagen idarəetmə üzrə birinci olub. Dublin ətraf mühit kateqoriyasında doqquzuncu yeri tutub.
Asiyanın reytinqdə ən yüksək mövqeyə malik şəhəri Tokio olub. Yaponiya paytaxtı ümumi sıralamada doqquzuncu, insan kapitalı üzrə isə üçüncü yerdə qərarlaşıb.