Əmək məhsuldarlığı ən çox bu sahələrdə artıb?

Əmək məhsuldarlığı ən çox

Azərbaycanda bir işçiyə düşən əlavə dəyər 2021-2025-ci illərdə 29% artaraq 17,7 min manatdan 22,9 min manata yüksəlib. Ən yüksək artım inzibati və yardımçı xidmətlər, peşə, elmi və texniki fəaliyyət, eləcə də daşınmaz əmlak sektorlarında qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-2025-ci illərdə inzibati və yardımçı xidmətlər sahəsində bir işçiyə düşən əlavə dəyər 5 991,6 manatdan 11 681,7 manata yüksəlib. Bu, təxminən 95% artım deməkdir.

Peşə, elmi və texniki fəaliyyət sahəsində göstərici 22 173,7 manatdan 40 867,7 manata çataraq 84,3% artıb. Daşınmaz əmlakla əlaqədar əməliyyatlarda isə əmək məhsuldarlığı 32 224,2 manatdan 57 194,5 manata yüksəlib. Artım 77,5% təşkil edib.

2025-ci ildə bir işçiyə düşən əlavə dəyərin ən yüksək olduğu sahə mədənçıxarma sənayesi olub. Burada göstərici 840 314,7 manat təşkil edib. Bu rəqəm ümumi iqtisadi göstəricidən dəfələrlə yüksəkdir.

Növbəti yerlərdə maliyyə və sığorta fəaliyyəti 67 245,9 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar 57 194,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı 48 685,6 manatla qərarlaşıb.

İnformasiya və rabitə sektorunda da yüksək göstərici qeydə alınıb. 2025-ci ildə bu sahədə bir işçiyə düşən əlavə dəyər 43 963,8 manat olub. 2021-ci ildə isə həmin göstərici 27 585,6 manat təşkil edib. Beləliklə, beş ildə artım 59,4%-ə çatıb.

2025-ci ildə ən aşağı göstərici kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sektorda bir işçiyə düşən əlavə dəyər 4 310,6 manat olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində göstərici 6 246,4 manat, digər xidmət sahələrində isə 7 870,1 manat təşkil edib.

Emal sənayesində bir işçiyə düşən əlavə dəyər 25 112,2 manat, tikintidə 20 105,2 manat, ticarətdə 20 070,3 manat, nəqliyyat və anbar təsərrüfatında isə 41 391,8 manat olub.