Azərbaycanda ev təsərrüfatı başçısının yaşına görə istehlak xərclərində fərqli göstəricilər qeydə alınıb. Ən yüksək aylıq istehlak xərci 18–29 yaş qrupunda, ən aşağı göstərici isə 60 yaş və yuxarı şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında olub.
Monetar.az xəbər verir ki, müvafiq məlumatlara əsasən, 18–29 yaşlı ev təsərrüfatlarında ayda adambaşına orta istehlak xərci 436,3 manat təşkil edib.
30–39 yaş qrupunda bu göstərici 386,1 manat, 40–49 yaş qrupunda 387,2 manat, 50–59 yaş qrupunda 400,4 manat, 60 yaş və yuxarı qrupda isə 377,3 manat olub.
Bütün yaş qruplarında istehlak xərclərinin əsas hissəsini qida məhsulları təşkil edib. Ərzağa ən çox vəsait 18–29 yaşlı ev təsərrüfatlarında xərclənib. Bu qrupda aylıq adambaşına qida xərci 179,2 manat olub.
30–39 yaş qrupunda qida xərcləri 164,6 manat, 40–49 yaş qrupunda 167,1 manat, 50–59 yaş qrupunda 169,2 manat, 60 yaş və yuxarı qrupda isə 162,4 manat təşkil edib.
Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluq xərcləri də ən yüksək 18–29 yaş qrupunda qeydə alınıb. Bu kateqoriya üzrə aylıq adambaşına xərc 36,2 manat olub.
Səhiyyə xidmətlərinə ən çox vəsait gənc yaş qrupunda xərclənib. 18–29 yaşlı ev təsərrüfatlarında bu göstərici 24,7 manat, 30–39 yaş qrupunda 19,9 manat, 40–49 yaş qrupunda 19,1 manat, 50–59 yaş qrupunda 20,4 manat, 60 yaş və yuxarı şəxslərdə isə 20,4 manat olub.
Təhsil xərclərində isə fərqli mənzərə müşahidə edilir. Ən yüksək göstərici 40–49 yaş qrupunda qeydə alınıb – ayda adambaşına 10,8 manat. 30–39 yaş qrupunda bu göstərici 6,5 manat, 50–59 və 60 yaşdan yuxarı qruplarda 5,3 manat, 18–29 yaş qrupunda isə 3,9 manat təşkil edib.
Mehmanxana, kafe və restoran xidmətlərinə ən çox xərcləyənlər də 18–29 yaşlı ev təsərrüfatları olub. Bu qrupda göstərici 33,3 manat olduğu halda, 30–39 yaş qrupunda 27,1 manat, 40–49 yaş qrupunda 26,9 manat, 50–59 yaş qrupunda 30 manat, 60 yaş və yuxarı qrupda isə 27,8 manat təşkil edib.