Kənddə həyat bahalaşıb: Adambaşına istehlak xərcləri 25 faiz artıb

Kənddə həyat bahalaşıb: Adambaşına istehlak xərcləri

Kənd yerlərində adambaşına aylıq istehlak xərcləri son illərdə artıb. 2021-ci illə müqayisədə 2025-ci ildə kənd əhalisinin istehlak xərclərində xüsusilə qida, nəqliyyat və restoran xidmətləri üzrə artım qeydə alınıb.

Monetar.az xəbər verir ki, statistik məlumatlara əsasən, 2021-ci ildə kənd yerlərində adambaşına aylıq istehlak xərcləri 294,3 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 368,2 manata yüksəlib. Beləliklə, 4 il ərzində istehlak xərcləri 73,9 manat və ya 25,1 faiz artıb.

Ən böyük xərc maddəsi həm 2021-ci, həm də 2025-ci ildə qida məhsulları olub. Qida xərcləri 2021-ci ildə 130 manat təşkil etdiyi halda, 2025-ci ildə 159,7 manata çatıb. Bu, 29,7 manat və ya 22,8 faiz artım deməkdir.

Tütün məmulatlarına çəkilən xərclər 4,3 manatdan 7,2 manata yüksəlib. Paltar və ayaqqabı xərcləri isə 17,7 manatdan 21,8 manata çatıb.

Su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə aylıq adambaşına xərclər 2021-ci ildə 25 manat olduğu halda, 2025-ci ildə 29 manat olub. Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa çəkilən xərclər də 23,9 manatdan 27,5 manata yüksəlib.

Səhiyyə xidmətlərinə xərclər 15,7 manatdan 18,9 manata, nəqliyyat xidmətlərinə xərclər 19,2 manatdan 26,1 manata yüksəlib. Beləliklə, nəqliyyat xərclərində artım 35,9 faiz təşkil edib.

Rabitə xidmətlərinə çəkilən aylıq xərc 8,9 manatdan 11,5 manata, istirahət və mədəniyyət xidmətlərinə xərclər 10,5 manatdan 14,8 manata yüksəlib.

Təhsil xərcləri isə 4,4 manatdan 5,3 manata çatıb. Mehmanxana, kafe və restoran xidmətlərinə çəkilən xərclər 2021-ci ildə 20,2 manat olduğu halda, 2025-ci ildə 26,9 manat təşkil edib.

Digər mal və xidmətlər üzrə də artım qeydə alınıb. Bu istiqamətdə adambaşına aylıq xərc 14,5 manatdan 19,5 manata yüksəlib.

Ümumilikdə, 2021–2025-ci illərdə kənd yerlərində bütün əsas istehlak istiqamətləri üzrə xərclər artıb. Ən yüksək artım nəqliyyat, mehmanxana-kafe-restoran xidmətləri və tütün məmulatları üzrə qeydə alınıb.