İKZF kirayə mexanizmi çərçivəsində 204 yeni mənzili vətəndaşlara təqdim edir

İKZF kirayə mexanizmi çərçivəsində 204 yeni mənzili vətəndaşlara

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən daha 204 yeni, tam təmirli mənzili vətəndaşların istifadəsinə təqdim edir.

Fonddan bildirilib ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla təklif olunur və aylıq ödənişlər 620 manatdan başlayır.

Yeni mənzillərin seçimi avqustun 12-si saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə İKZF-nin rəsmi internet səhifəsində tanış ola bilərlər. Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə həyata keçiriləcək.

Müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə aparılacaq.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumatı İKZF-nin rəsmi internet səhifəsindən, rəsmi YouTube kanalından, eləcə də 1549 Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.