İncəsənət məktəblərinə direktor seçimi üzrə müsahibələrin qrafiki açıqlanıb

İncəsənət məktəblərinə direktor seçimi üzrə müsahibələrin

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində direktor və direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşdirilib.

Müsahibələrin 14 oktyabr–3 noyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.

İmtahanda iştirak edəcək şəxslər “Müsahibəyə buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən əldə edə bilərlər.

Namizədlər müsahibənin başlanmasına ən azı 30 dəqiqə qalmış müvafiq binada olmalıdırlar.

Namizədin bilik səviyyəsi və bacarıqları müvafiq müsahibə proqramı əsasında qiymətləndirilir. Müvafiq keçidlərə daxil olmaqla direktor və direktor müavinlərinin işə qəbulunun ümumi qaydaları, müsahibə proqramları ilə ətraflı tanış olmaq mümkündür.

Müsahibədə 16 və daha çox bal toplayan namizəd müvəffəqiyyət qazanmış hesab edilir.

Namizəd təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyünə şəxsən cavabdehdir. Müsabiqənin istənilən mərhələsində təqdim olunan məlumatların yanlış olduğu, saxta sənəd verildiyi və ya namizədin müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkarlanarsa, onun müsahibə nəticələri ləğv ediləcək.

Müsahibənin nəticəsindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 iş günü ərzində apellyasiya qaydasında şikayət verə bilərlər.