Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC) direktoru Arnold Braueri qəbul edib.
Görüş 5 oktyabr 2026-cı il tarixində keçirilib. Arnold Brauer DİM-in 10 illik yubileyi münasibətilə Məleykə Abbaszadəni təbrik edib və quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.
RCEC direktoru bildirib ki, DİM-in 10 illik fəaliyyəti yalnız qurumun yubileyi deyil, Azərbaycanda istedadların müəyyənləşdirilməsi, insan potensialının üzə çıxarılması və inkişaf imkanlarının yaradılması baxımından da əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ədalətli və etibarlı qiymətləndirmə insanların bilik və bacarıqları, eləcə də gələcək potensialları əsasında inkişaf etməsinə şərait yaradır.
Məleykə Abbaszadə göstərilən diqqətə görə təşəkkürünü bildirib və iki qurum arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
DİM sədri qiymətləndirmə proseslərində tətbiq olunan rəqəmsal həllər, eləcə də süni intellektdən istifadə ilə bağlı görülən işlər, qarşıya qoyulan hədəflər və mövcud çətinliklər barədə məlumat verib.
Qeyd olunub ki, DİM-də uzun illərdir imtahanlarla bağlı bir sıra proseslər rəqəmsal formada həyata keçirilir. Bunlara kompüter əsaslı imtahanların təşkili, nəticələrin emalı, yazı işlərinin qiymətləndirilməsi və apellyasiya prosesləri daxildir.
Məleykə Abbaszadə həmçinin süni intellektin qiymətləndirmə proseslərinə inteqrasiyası ilə bağlı DİM-in təcrübəsini bölüşüb. Yüksək riskli imtahanlarda süni intellektdən istifadənin etibarlılığı və mümkün risklər ətrafında fikir mübadiləsi aparılıb. Gələcəkdə bu istiqamətdə birgə elmi araşdırmaların həyata keçirilməsi imkanları da müzakirə olunub.
Görüşdə DİM və RCEC arasında mövcud əməkdaşlığın vəziyyəti, o cümlədən DİM-in Keyfiyyət İdarəetmə Sisteminin təkrar auditindən sonra təqdim edilmiş uyğunluq sertifikatı üzrə nəzarət auditinin aparılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
RCEC tərəfindən DİM-in Keyfiyyət İdarəetmə Sisteminin ilkin auditi 2020-2021-ci illərdə, təkrar auditi isə 2024-cü ildə keçirilib. Auditlərin nəticələrinə əsasən DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib.
DİM-ə təqdim olunan uyğunluq sertifikatının etibarlılıq müddəti üç ildir.
