Nyu-Yorkda mənzilin olarsa ...

Nyu-Yorkda mənzilin olarsa

Nyu-Yorkda 1 kvadratmetr daşınmaz əmlakın satışından əldə olunan məbləğ Ekvadorun Kuenca şəhərində 15,27 kvadratmetr, Tbilisi şəhərində isə 7,65 kvadratmetr əmlak almağa imkan verir.

Monetar.az xəbər verir ki, “Numbeo”nun 2026-cı ilin avqust ayına aid məlumatları əsasında hazırlanan hesabatda 66 şəhərin mərkəzindəki daşınmaz əmlak qiymətləri təhlil olunub.

Reytinqə əsasən, Nyu-Yorkda 1 kvadratmetrin qiymətinə ən çox sahəni Ekvadorun Kuensa şəhərində almaq mümkündür. Taylandın Çianq May şəhəri 9,54 kvadratmetrlə ikinci, Kosta-Rikanın San-Xose şəhəri isə 8,22 kvadratmetrlə üçüncü yerdə qərarlaşıb.

İlk beşliyə Meksikanın Merida şəhəri 7,86 kvadratmetr və Cənubi Afrikanın Keyptaun şəhəri 7,84 kvadratmetrlə daxil olub. İndoneziyanın Bali adasında isə eyni məbləğə 7,76 kvadratmetr daşınmaz əmlak almaq mümkündür.

Tbilisi 7,65 kvadratmetrlə siyahıda yeddinci yerdə qərarlaşıb. Buenos-Ayresdə bu göstərici 7,1, Boqotada 6,93, Panama şəhərində isə 6,07 kvadratmetrdir.

Müqayisədə bəzi Avropa şəhərlərində daşınmaz əmlakın Nyu-Yorkdan da baha olduğu görünür. Məsələn, Londonun şəhər mərkəzində Nyu-Yorkda 1 kvadratmetrin satışından əldə olunan məbləğə cəmi 0,93 kvadratmetr əmlak almaq mümkündür. Kopenhagendə isə bu göstərici 0,63 kvadratmetrdir.

Araşdırmada bildirilir ki, Nyu-Yorkda əmlakın yüksək qiymətləri güclü tələbat, tikinti üçün yararlı torpaq sahələrinin məhdudluğu, yüksək əməkhaqqı, sığorta və tikinti xərcləri ilə əlaqələndirilir.

Bununla belə, qiymət fərqləri şəhərlərdə mənzillərin yerli sakinlər üçün nə dərəcədə əlçatan olduğunu birbaşa göstərmir. Gəlirlərin səviyyəsi, kredit şərtləri, valyuta məzənnələri və xaricilərin əmlak almasına dair məhdudiyyətlər də nəzərə alınmalıdır.