Qana dünya lideridir - İnfluenserlərə görə

Qana dünya lideridir -

Dünyada sosial şəbəkə istifadəçilərinin influenserləri izləmə səviyyəsinə görə ölkələrin reytinqi açıqlanıb. Siyahıda ilk yeri Qana tutub. Filippin və Braziliya da ilk üçlükdə qərarlaşıb.

Monetar.az-ın GWI məlumatları əsasında hazırladığı araşdırmaya görə, 2025-ci ilin ikinci rübündə Qanada sosial şəbəkə istifadəçilərinin 46,8%-i influenserləri izləyib. Filippində bu göstərici 42,9%, Braziliyada isə 40,4% təşkil edib.

Reytinqdə Cənubi Afrika 35,2%-lə dördüncü, Tailand 32,9%-lə beşinci olub. İlk onluğa həmçinin Malayziya (32,3%), Nigeriya (32%), İndoneziya (31,7%), Birləşmiş Ərəb Əmirlikləri (29,5%) və Yeni Zelandiya ilə Səudiyyə Ərəbistanı (28,4%) daxil olub.

ABŞ reytinqdə 31-ci yerdə qərarlaşıb. Ölkədə sosial şəbəkə istifadəçilərinin 21,4%-i influenserləri izləyir. Kanadada bu göstərici 21,3% olub.

Reytinqin sonuncu pilləsində 7,5%-lə Rusiya qərarlaşıb. Türkiyədə göstərici 11,4%, Yaponiyada və Çexiyada isə 14,4% təşkil edib.

Regional müqayisədə Afrika 33,4%-lə ilk sırada yer alıb. Cənubi Amerika 30,2%-lə ikinci, Okeaniya 26,7%-lə üçüncü olub. Asiyada orta göstərici 24,9%, Şimali Amerikada 23%, Yaxın Şərqdə 21,6%, Avropada isə 20% təşkil edib.

Araşdırmaya görə, Avropanın 23 ölkəsindən yalnız Norveç (27,9%), Portuqaliya (27,6%) və İrlandiya dünya üzrə 22,6%-lik orta göstəricini üstələyib.

Asiyada da ölkələr arasında ciddi fərq müşahidə olunur. Filippində influenserləri izləyənlərin payı 42,9% olduğu halda, Yaponiyada bu göstərici 14,4%, Çində isə 15,8% təşkil edib.

Qeyd edək ki, araşdırma 53 ölkə və ərazidə 16 yaşdan yuxarı sosial şəbəkə istifadəçiləri arasında aparılıb.