Sürücü və daşıma operatorları üçün imtahan keçiriləcək

Sürücü və daşıma operatorları üçün

Noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımaları sahəsində çalışan şəxslərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil edəcək.

DİM-in məlumatına görə, imtahanlarda iştirak etmək üçün ümumilikdə 313 nəfər qeydiyyatdan keçib. Onlardan 105-i beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər, 15-i beynəlxalq daşımalar üzrə operatorların məsul şəxsləri, 67-si ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülər, 126-sı isə ölkədaxili yükdaşıma sürücüləridir.

İmtahanların təşkili üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Beynəlxalq sərnişin və yük daşımaları üzrə operatorların məsul şəxsləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər isə imtahanı Bakıdakı DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində yerləşən 4 saylı orta məktəbdə verəcəklər.

Ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının qiymətləndirilməsi imtahanları da iki məkanda təşkil olunacaq. Bakı üzrə imtahanlar DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S. Axundov küçəsi 50, TÜRKPA-nın yanı), Gəncədə isə Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələrin növbəti gün DİM-in rəsmi internet səhifəsində dərc edilməsi nəzərdə tutulur.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı"  xidməti vasitəsi ilə əldə edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahana gələn şəxslər şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.