Azərbaycan Turizm və Menecment Universitetində Biznes və Menecment fakültəsi (məktəbi) üzrə dekan vəzifəsinin tutulması üçün müsabiqə elan edilib.
Monetar.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər elan qəzetdə dərc olunduğu gündən etibarən bir ay ərzində tələb olunan sənədləri universitetin İnsan resursları şöbəsinə təqdim etməlidirlər.
Sənədlər saat 10:00-dan 17:00-dək qəbul olunur. Namizədlər sənədləri elektron qaydada [email protected] elektron poçt ünvanına da göndərə bilərlər.
Müsabiqədə iştirak üçün rektorun adına ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, elmi və elmi-metodik işlərin siyahısı, həmçinin namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması təqdim edilməlidir.
Universitetdə çalışan namizədlərdən isə ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri, elmi və elmi-metodik işlərin siyahısı və struktur bölmənin inkişafı ilə bağlı platforma tələb olunur.
Namizədin göstəriciləri vəzifənin tələblərinə uyğun olmadıqda və ya sənədlərin təqdim edilməsi müddəti başa çatdıqda sənədlərin qəbulundan imtina ediləcək.