Videooyunlara ən çox vaxt ayıran ölkələr

Videooyunlara ən çox

Dünyada internet istifadəçilərinin videooyunlara ayırdığı vaxt ölkələr üzrə fərqlənir. 54 ölkə və ərazini əhatə edən reytinqdə Filippin birinci, Braziliya ikinci, Türkiyə isə üçüncü yerdə qərarlaşıb.

Monetar.az-ın GWI araşdırması əsasında hazırladığı reytinqə görə, Filippində 16 yaşdan yuxarı internet istifadəçiləri həftədə orta hesabla 11 saat 14 dəqiqə videooyun oynayırlar.

Braziliyada bu göstərici 10 saat 56 dəqiqə, Türkiyədə 10 saat 11 dəqiqə təşkil edib. Beləliklə, həftəlik oyun vaxtı 10 saatı keçən cəmi üç ölkə qeydə alınıb.

İlk beşlikdə Meksika 9 saat 24 dəqiqə ilə dördüncü, ABŞ isə 9 saat 9 dəqiqə ilə beşinci yerdədir. Çili 9 saat 5 dəqiqə, Tailand 8 saat 53 dəqiqə, Cənubi Afrika 8 saat 28 dəqiqə, Argentina 8 saat 26 dəqiqə və Vyetnam 8 saat 21 dəqiqə ilə ilk onluğu tamamlayıb.

Dünya üzrə orta göstərici gündə bir saatdan azdır

Araşdırmaya əsasən, dünya üzrə internet istifadəçiləri həftədə orta hesabla 6 saat 56 dəqiqə videooyun oynayırlar. Bu, gündə təxminən 59 dəqiqəyə bərabərdir.

Amerika qitəsi reytinqdə xüsusilə seçilir. Braziliya və Meksikada oyunlara sərf olunan vaxt ABŞ-dan çoxdur. Belə ki, Braziliyada istifadəçilər amerikalılarla müqayisədə həftədə 1 saat 47 dəqiqə, Meksikada isə 15 dəqiqə daha çox oyun oynayırlar.

Yaponiya reytinqin sonlarında qərarlaşıb

Videooyun sənayesinin ən tanınmış mərkəzlərindən biri olan Yaponiya oyun oynama müddətinə görə 54 ölkə arasında 53-cü yerdədir. Ölkədə internet istifadəçiləri həftədə orta hesabla cəmi 3 saat 59 dəqiqə videooyun oynayırlar.

Mərakeş 2 saat 36 dəqiqə ilə sonuncu yerdə qərarlaşıb. Cənubi Koreyada həftəlik göstərici 5 saat 48 dəqiqə, Çində 5 saat 12 dəqiqə, Tayvanda 6 saat 3 dəqiqə, Honkonqda isə 5 saat 6 dəqiqə olub.

Beləliklə, Şərqi Asiyanın araşdırmaya daxil edilən beş bazarının heç birində oyunlara sərf olunan vaxt dünya üzrə orta göstəriciyə çatmayıb.