Azərbaycanda taxıl biçini kampaniyası davam edir. İyulun 9-na olan məlumata görə, ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7%-də biçin işləri başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə bağlı yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına əsasən, mövsüm ərzində 642 min 696 hektar sahədə biçin aparılıb və bu ərazilərdən 2 milyon 251 min 886 ton məhsul yığılıb.
Hazırda ölkə üzrə taxılın orta məhsuldarlığı 35 sentner/hektar təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 sentner/hektar yüksəkdir.
Biçin işləri çərçivəsində indiyədək 224 min 603 hektar buğda və 418 min 93 hektar arpa sahəsi yığılıb. Nəticədə 884 min 182 ton buğda və 1 milyon 367 min 704 ton arpa əldə olunub.
Hazırda buğda sahələrinin 49%-də, arpa sahələrinin isə 83%-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sentner/hektar, arpa üzrə isə 32,7 sentner/hektar səviyyəsindədir.
Məlumata görə, Ucar, Naftalan və Kəlbəcər rayonlarında taxıl biçini tam başa çatıb. Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan və Tərtər rayonlarında isə biçin kampaniyası yekunlaşmaq üzrədir.