İyulun 11-12-də Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Nazirlikdən bildirilib ki, yarmarkanın əsas məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını genişləndirmək və paytaxt sakinlərini təbii, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.
Yarmarkada 20-yə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Fermerlər tərəfindən 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulu birbaşa istehlakçılara təqdim olunacaq.
Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasında məhsulları analiz etdirə biləcəklər.
Yarmarka iki gün ərzində saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında — “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyuducu, selofan paket və digər zəruri avadanlıqlarla ödənişsiz təmin olunurlar.