Beyləqan fermerlərinin texnika problemi dərinləşir

Beyləqan fermerlərinin

Mil-Muğan iqtisadi rayonunun əsas aqrar mərkəzlərindən biri olan Beyləqanda taxıl biçini və təkrar əkin kampaniyası davam edir. Dövlət dəstəyi, subsidiya mexanizmləri və güzəştli təminatlar istehsal göstəricilərinə müsbət təsir göstərsə də, fermerlərin qarşılaşdığı əsas problemlərdən biri – texniki xidmət xərclərinin yüksəkliyi olaraq qalır.

Rayonda bu il taxıl istehsalının 55 min tondan çox olacağı gözlənilir. Lakin fermerlərin fikrincə, artan xərclər əldə olunan gəlirin əhəmiyyətli hissəsini azaldır.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatlarına əsasən, cari mövsümdə rayonda 16 min 606 hektar sahədə taxıl əkilib. Bunun 10 min 442 hektarı buğda, 6 min 164 hektarı isə arpa sahələridir. Orta məhsuldarlıq göstəricisi 33,7 sentner təşkil edir. Qabaqcıl təsərrüfatlarda isə bu rəqəm 47-50 sentnerə qədər yüksəlir.

Əsas problem – bahalı texnika xidmətləri

Məhsuldarlığın artmasına baxmayaraq, fermerlər bildirirlər ki, texnika və aqrotexniki xidmətlərin yüksək qiyməti onların əsas maliyyə yükünə çevrilib.

Rayonda uzun illər təsərrüfat fəaliyyəti ilə məşğul olan fermer Eldəniz Əhmədov Xal qəzetinə bildirib ki,  özəl texniki servis müəssisələrinin göstərdiyi xidmət xeyli baha olduğundan fermerlər istədikləri qazancı əldə edə bilmirlər. Onun sözlərinə görə, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə əksər fermerlər topaqdan uzaqlaşacaq. Bu nun baş verməməsi üçün isə hər işə görə  uyğun qiymətlər müəyyən edilməlidir. 

Subsidiya xərcləri azaldır, amma problemi tam həll etmir

Taxıl biçinindən sonra rayonda təkrar qarğıdalı əkinlərinə də başlanılıb. Bu istiqamətdə dövlət tərəfindən əlavə subsidiya mexanizmləri tətbiq olunsa da, fermerlər hesab edirlər ki, texnika bazarında qiymətlərin yüksək olması dəstək tədbirlərinin real təsirini zəiflədir.

Aqrar sahə üzrə müşahidələr göstərir ki, fermer üçün əsas məsələ yalnız məhsuldarlığın artırılması deyil, həm də istehsal xərclərinin nəzarətdə saxlanılmasıdır. Əks halda, subsidiya və güzəştlərdən əldə olunan üstünlüklərin bir hissəsi yüksək xidmət haqları vasitəsilə yenidən xərclərə çevrilir.

Ekspertlərin fikrincə, kiçik və orta fermer təsərrüfatlarının davamlı fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikasının əlçatanlığı artırılmalı, lizinq mexanizmlərinin yerlərdə tətbiqi daha səmərəli qurulmalı və aqroservis bazarında rəqabət mühiti gücləndirilməlidir.

Əks halda, istehsal göstəricilərinin artmasına baxmayaraq, fermerin əsas problemi – gəlirlilik məsələsi – həll olunmamış qala bilər.

MONETAR.AZ