Xırda pay torpaqları birləşdirilir, 5 hektar məhdudiyyəti gəlir

Xırda pay torpaqları birləşdirilir,

Azərbaycanda kənd təsərrüfatı torpaqlarından daha səmərəli istifadəni təmin etmək, torpaq sahələrinin həddindən artıq parçalanmasının qarşısını almaq və aqrar istehsalın məhsuldarlığını artırmaq məqsədilə qanunvericiliyə yeni dəyişikliklər təklif olunur. Milli Məclisin bugünkü iclasında Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası — yəni xırda və dağınıq torpaq sahələrinin mülkiyyətçilərin razılığı əsasında birləşdirilməsi, sərhədlərinin yenidən müəyyən edilməsi və daha səmərəli istifadəyə uyğun formalaşdırılması prosesi hüquqi əsas qazanacaq. Konsolidasiya zamanı torpaq sahələrinin bazar dəyəri nəzərə alınacaq və zəruri hallarda dövlət mülkiyyətində olan torpaqlardan da istifadə edilə biləcək.

Qanun layihəsində nəzərdə tutulur ki, konsolidasiya aparılan ərazilərdə suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu yenidən qurula bilər. Bu tədbirlər nəticəsində torpağın bazar dəyərinin artması mülkiyyətçilər üçün əlavə maliyyə öhdəliyi yaratmayacaq. Əgər konsolidasiya nəticəsində mülkiyyətçiyə verilən torpaq sahəsinin bazar dəyəri əvvəlki sahədən aşağı olarsa, qiymət fərqinin kompensasiya edilməsi nəzərdə tutulur.

Layihədə kənd təsərrüfatı torpaqlarının alqı-satqısı zamanı qonşu torpaq sahiblərinə üstünlük hüququnun verilməsi də əksini tapıb. Belə ki, torpaq satılarkən həmin sahə ilə həmsərhəd olan mülkiyyətçilər onu eyni şərtlərlə almaqda üstün hüquqa malik olacaqlar.

Bundan əlavə, kənd təsərrüfatı təyinatlı torpaqların bölünməsinə dair yeni məhdudiyyətlər təklif edilir. Dəyişikliklərə əsasən, alqı-satqı və digər özgəninkiləşdirmə hallarında torpaq yalnız o halda bölünə biləcək ki, yaranacaq hər bir yeni torpaq sahəsinin ölçüsü 5 hektardan az olmasın.

Eyni yanaşma vərəsəlik münasibətlərinə də şamil olunur. Əgər torpağın vərəsələr arasında bölünməsi nəticəsində hər bir pay 5 hektardan kiçik olacaqsa, həmin torpaq sahəsinin bölünməsinə yol verilməyəcək. Bu halda torpaq bütöv əmlak kimi dövriyyəyə çıxarıla və satışdan əldə olunan vəsait qanunvericiliyə uyğun qaydada vərəsələr arasında bölüşdürülə bilər.

MONETAR.AZ