Qlobal balıq və su bioresursları istehsalında son illərdə struktur dəyişiklikləri müşahidə edilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya üzrə balıq və digər su bioresurslarının istehsalı 223,2 milyon tona çatıb. Bu, 1990-cı illə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Son illərdə dəniz resurslarının qorunması və həddindən artıq balıq ovunun məhdudlaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində ən böyük artım akvakultura sahəsində qeydə alınıb. Statistikaya əsasən, 2025-ci ildə qlobal balıq və su məhsullarının 53 faizi artıq təbii mühitdən deyil, süni balıqçılıq təsərrüfatlarında yetişdirilib. Müqayisə üçün, bu göstərici 1990-cı ildə 13 faiz, 2000-ci ildə isə 26 faiz olub.
FAO-nun hesabatında bildirilir ki, akvakulturada əsas yetişdirilən növlər arasında sazan, qızılbalıq, istiridyə və krevetka yer alır. Eyni zamanda, anşova, pollok, tuna və skumbriya kimi növlər hələ də əsasən təbii ovla əldə olunur.
Məlumata görə, istehsal olunan su bioresurslarının təxminən 89 faizi birbaşa insan qidası kimi istifadə edilir, 11 faizi isə balıq unu və balıq yağı istehsalına yönəldilir.
Ekspertlərin fikrincə, akvakulturanın genişlənməsi qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynasa da, ekoloji balansın qorunması və davamlı idarəetmə məsələləri aktual olaraq qalır.
Qeyd edək ki, qlobal balıq istehsalında ən böyük pay Çinin payına düşür və dünya istehsalının təxminən 36 faizini təşkil edir.
MONETAR.AZ