Fars körfəzində üç ay davam edən logistik iflic qlobal mineral gübrə bazarlarında asimmetrik bir şok yaradıb. İlk baxışdan Hörmüz boğazının dəniz daşımaları üçün qapanması bütün seqmentlərdə qıtlıq və bahalaşma yaratmalı idi. Lakin hazırkı reallıq daha mürəkkəbdir: bazar tamamilə təzadlı iki qütbə bölünüb. Bir tərəfdən azot gübrələri istehsalçıların əlində qalan artıq ehtiyatları kütləvi satması səbəbindən ucuzlaşır, digər tərəfdən isə fosfor gübrələri istehsalının əsas xammalı olan kükürdün qiyməti son 18 ilin (2008-ci ildən bəri) tarixi maksimumuna yüksələrək istehsalatda yeni bir "darboğaz" (bottleneck) yaradır.
Qətər, Səudiyyə Ərəbistanı, İran və BƏƏ dünya azot gübrəsi (xüsusilə karbamid) ticarətinin təxminən 30%-ni idarə edir. Hörmüz boğazında gəmiçilik dayanan kimi logistik imkanlar itdi, qlobal bazarda kəskin disbalans yarandı. Hindistan kimi iri idxalçılar qorxudan karbamid tenderlərində qiyməti ikiqat qaldırdılar. Lakin böhran xroniki mərhələyə keçdikdə, Körfəz istehsalçıları anbarlarda yığılıb qalan nəhəng həcmləri necə olursa-olsun bazara çıxarmağa başladılar və bu, qiymətləri qəfildən aşağı saldı.
Azot qrupunda, xüsusilə karbamid bazarında qiymət enişini sürətləndirən əsas amillərdən biri də Çin oldu. Pekin daxili bazarda istehsalı maksimuma çatdırdıqdan sonra ixrac kvotalarını yenidən aktivləşdirdi. Aşağı qiymətli Çin kimya məhsullarının qlobal bazara axması Körfəzin logistik çətinlik çəkən istehsalçıları üçün rəqabəti daha da çətinləşdirdi və qiymət enişini dərinləşdirdi.
Fosfor gübrələri seqmentində qiymətlər hələlik sabit görünsə də, arxa fonda ciddi bir böhran yetişir. Bu gübrələrin istehsalı üçün əvəzedilməz xammal olan kükürd və ammonyak çatışmazlığı pik həddədir. Xüsusilə kükürdün qiymətinin 2008-ci ildən bəri ən yüksək həddə yaxınlaşması istehsalın maya dəyərini dözülməz dərəcədə artırır. Çinin fosfor ixracına qoyduğu məhdudiyyətlərin davam etməsi isə bu gizli qıtlıq riskini daha da alovlandırır.
Hazırda azot qrupundakı ucuzlaşma aldadıcı xarakter daşıyır. Ekspertlərin rəyinə görə, kükürd və ammonyakdakı kəskin bahalaşma, eləcə də Hörmüz boğazı səbəbindən uzanan dəniz marşrutlarının yaratdığı əlavə loqistik xərclər (freight premium) gec-tez son məhsula yansıyacaq. İlin sonuna doğru ümumi kimya və gübrə məhsullarında yeni bir qlobal bahalaşma dalğası qaçılmazdır.
Makroiqtisadi nöqteyi-nəzərdən gübrə bazarındakı bu disbalans qlobal kənd təsərrüfatı xərcləri (farm input costs) üzərində ciddi qeyri-müəyyənlik yaradır. İlin ikinci yarısında gözlənilən qiymət artımı aqrokimya holdinqlərinin və gübrə ixracatçılarının mənfəət marjalarını (margins) bərpa edəcək və bu, sahəvi investisiyalar üçün müsbət siqnaldır. Lakin digər tərəfdən, xammal bahalaşması payızlıq əkin mövsümündə fermerlərin xərclərini artıraraq qlobal ərzaq inflyasiyasını (food inflation) yenidən tətikləyə bilər.
Xüsusilə fosfor və kükürd zəncirindəki darboğaz, kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməməsi üçün yaxın aylarda qlobal tədarük zəncirlərinin təcili şəkildə diversifikasiya edilməsini (Körfəzdən kənar alternativ marşrutların tapılmasını) zəruri edir.
MONETAR.AZ