Fransada 2026-cı il yumşaq buğda məhsulunun keyfiyyəti yüksəkdir

Fransada 2026-cı il yumşaq buğda məhsulunun

Fransada 2026-cı ilin yumşaq buğda məhsulunda zülalın miqdarı tarixi orta göstəricidən yüksək olub.

Monetar.az xəbər verir ki, “FranceAgriMer” kənd təsərrüfatı idarəsinin məlumatına görə, aparılan son keyfiyyət analizləri yumşaq buğda nümunələrinin 89%-ində zülalın miqdarının ən azı 11% olduğunu göstərib. Bu göstərici ötən həftəki 90%-dən bir qədər aşağı olsa da, 80%-lik beşillik orta göstəricidən yüksəkdir.

Daha yüksək — 11,5%-lik zülal həddi nəzərə alındıqda isə məhsulun 61%-i bu standarta cavab verib. İlkin nəticələrdə bu göstərici 59%, son beş ilin orta göstəricisi isə 51% olub.

Buğdadan əldə edilə biləcək unun miqdarını xarakterizə edən hektolitr kütləsi üzrə nəticələr də müsbətdir.

Məhsulun 96%-nin hektolitr kütləsi 76 kiloqram və ya daha çox olub. Bu göstərici bazar standartına uyğundur və ya onu üstələyir. Ötən həftə ilə müqayisədə dəyişməyən nəticə 61%-lik beşillik orta göstəricidən xeyli yüksəkdir.

Buğdanın üyüdülmə keyfiyyətinin əsas göstəricilərindən biri olan Haqberqə görə düşmə ədədi üzrə də bütün nümunələr sənayenin tələbinə cavab verib. Belə ki, məhsulun 100%-ində göstərici 250 saniyə və ya daha yüksək olub. Bu nəticə ötən həftənin göstəricisi ilə eynidir və 85%-lik beşillik orta səviyyəni üstələyir.

Qeyd edək ki, nəticələr “FranceAgriMer” və “Arvalis” Bitkiçilik İnstitutunun birgə araşdırması çərçivəsində nəzərdə tutulan nümunələrin 72%-nin analizinə əsaslanır.

“FranceAgriMer” yaxın həftələrdə 2026-cı il buğda məhsulunun keyfiyyəti ilə bağlı yenilənmiş məlumatları açıqlayacaq.

MONETAR.AZ