Azərbaycanda 2025-ci ildə kəsim üçün satılan iribuynuzlu mal-qaranın orta diri çəkisi son iki ildə azalma tendensiyası nümayiş etdirib. Qoyun və keçilərdə isə bu göstərici sabit qalıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə iribuynuzlu mal-qaranın orta diri çəkisi 259 kiloqram olub. Bu, 2022-ci illə müqayisədə 17 kiloqram, 2023-cü illə müqayisədə isə 9 kiloqram azdır.
Ən diqqətçəkən məqamlardan biri 2003-cü illə müqayisədə iribuynuzlu mal-qaranın orta diri çəkisinin 36,3% artmasıdır. Həmin il göstərici 190 kiloqram olduğu halda, 2025-ci ildə 259 kiloqrama çatıb.
Qoyun və keçilərdə isə əks mənzərə müşahidə olunur. Son illərdə onların orta diri çəkisi əsasən 29-34 kiloqram intervalında dəyişib. 2025-ci ildə bu göstərici 34 kiloqram təşkil edib ki, bu da 2003-cü ilin səviyyəsi ilə eynidir.
Kənd təsərrüfatı müəssisələri ilə fərdi təsərrüfatlar arasında da ciddi fərq var. 2025-ci ildə kənd təsərrüfatı müəssisələrində kəsim üçün satılan iribuynuzlu mal-qaranın orta diri çəkisi 319 kiloqram olub. Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında isə bu göstərici 259 kiloqram təşkil edib. Beləliklə, müəssisələrdə orta çəki 60 kiloqram və ya təxminən 23% çox olub.
Digər maraqlı məqam ondan ibarətdir ki, kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal-qaranın orta diri çəkisi 2024-cü ildə 421 kiloqrama yüksəlsə də, 2025-ci ildə 319 kiloqrama enib. Bir il ərzində azalma 102 kiloqram və ya 24,2% təşkil edib.
Cəmdək çəkisi üzrə də azalma qeydə alınıb. Ölkə üzrə iribuynuzlu mal-qaranın orta cəmdək çəkisi 2024-cü ildə 151 kiloqram olduğu halda, 2025-ci ildə 146 kiloqrama düşüb. Bu, 5 kiloqramlıq və ya 3,3%-lik azalma deməkdir.
Qoyun və keçilərdə isə 2025-ci ildə orta cəmdək çəkisi 17 kiloqram olub və əvvəlki illə müqayisədə dəyişməyib.
Qeyd edək ki, statistikada diri çəki heyvanın kəsimdən əvvəlki, cəmdək çəkisi isə kəsimdən sonrakı çəkisini ifadə edir. Göstəricilər orta rəqəmlərdir və heyvanların cinsi, yaşı və digər xüsusiyyətləri barədə ayrıca məlumat vermir.