“20 Sentyabr” metrostansiyası gələn ilin ortasına qədər açılacaq

“20 Sentyabr” metrostansiyası

Bakıda inşa edilən “20 Sentyabr” metrostansiyasının 2027-ci ilin ortalarına qədər tam istismara verilməsi hədəflənir.

Monetar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, stansiyada əsas tikinti işləri artıq başa çatıb, hazırda tamamlama işləri aparılır.

Məmməd Rzayev bildirib ki, stansiyada xüsusi memarlıq həlli tətbiq olunur. Bununla əlaqədar xaricdən gətirilən materialların təchizatı və logistika məsələlərinin həlli müəyyən vaxt tələb edib. Hazırda bu məsələlər tənzimlənib və işlər qrafikə uyğun davam etdirilir.

“20 Sentyabr” metrostansiyası Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşir. Stansiya 1 saylı Kliniki Tibbi Mərkəzin (keçmiş Semaşko xəstəxanası) və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığındadır.

Qeyd edək ki, “20 Sentyabr” metrostansiyası Bakı metropoliteninin bənövşəyi xəttinin genişləndirilməsi çərçivəsində inşa olunur. Stansiyanın istifadəyə verilməsi ətraf ərazilərdə yaşayan sakinlərin metro nəqliyyatına çıxış imkanlarını genişləndirə bilər.