Dünyada yaxta dayanacaqlarına tələbat artır

Dünyada yaxta dayanacaqlarına

Dünyada yaxtaların sayının artması dəniz limanlarında dayanacaq yerlərinin çatışmazlığını gücləndirir. Financial Times nəşrinin analitik hesabatına əsasən, 12 metrdən uzun yaxtaların sayı mövcud marina infrastrukturunun imkanlarını üstələyir. Bu vəziyyət marina operatorlarını iri institusional investorlar üçün cəlbedici investisiya hədəfinə çevirir.

Mövcud qiymətləndirmələrə görə, marina infrastrukturu təxminən 15 milyard dollarlıq yeni investisiya istiqaməti kimi diqqət çəkir. Yüksək tələbat, məhdud təklif və yeni limanların tikintisinin uzun müddət tələb etməsi bu bazarda gəlir imkanlarını artırır.

McKinsey məlumatlarına görə, dünyada 12 metrdən uzun yaxtaların sayı 210 minə çatıb və hər il bu göstəriciyə təxminən 8 min yeni gəmi əlavə olunur. Bununla belə, dünya marinalarında bu ölçüdə yaxtalar üçün cəmi 160 min daimi dayanacaq yerinin olduğu bildirilir.

SuperYacht Times statistikasına əsasən, 30 metrdən uzun super-yaxtaların sayı son 10 ildə 40% artaraq 6 239-a yüksəlib.

Təklifin genişləndirilməsini çətinləşdirən əsas amillərdən biri yeni marinaların inşasının uzun çəkməsidir. Ekoloji icazələr, tənzimləyici məhdudiyyətlər və uyğun sahil ərazilərinin azlığı səbəbindən yeni marina layihəsinin həyata keçirilməsi 5–10 il çəkə bilər. Belə layihələr orta hesabla 300 yeni dayanacaq yeri yaradır.

Beləliklə, yaxta parkı genişləndikcə infrastrukturun eyni sürətlə artırılması çətinləşir. Bu uyğunsuzluq xüsusilə populyar dəniz turizmi istiqamətlərində dayanacaq yerlərinin qiymətlərinə təsir göstərir.

Pandemiyadan sonra distant iş imkanlarının genişlənməsi və Starlink peyk internetinin dənizdə yüksək sürətli rabitə təmin etməsi yaxtalardan yalnız istirahət vasitəsi kimi deyil, həm də iş məkanı kimi istifadəni asanlaşdırıb.

Bu tendensiya xüsusilə yüksək sərvətə malik şəxslər arasında yaxtaların gündəlik ofis funksiyasını daşıması modelini gücləndirib. Nəticədə bəzi yaxta sahibləri gəmilərini daha uzun müddət marinalarda saxlamağa və əlavə xidmətlərdən istifadə etməyə maraq göstərirlər.

Savannah super-yaxtasının keçmiş məsləhətçisi Jozefin De Lukanın sözlərinə görə, Cənubi Fransada 80 metrlik yaxtanın pik yay mövsümündə bir gecəlik dayanacaq haqqı 3 500 avroya çatıb. Bu qiymətin son 10 ildə iki dəfə artdığı bildirilir.

Populyar istiqamətlərdə yer əldə etmək üçün üç-dörd ay əvvəlcədən rezervasiya tələb oluna bilər. Monaqo Qran-Prisi və Kann Film Festivalı kimi böyük tədbirlər zamanı isə rezervasiya müddəti daha da uzana bilər.

Dünyada 6 mindən çox sahil marinasının 65%-nin ABŞ-da yerləşdiyi bildirilir. Aralıq dənizindəki təxminən 1 000 marinadan yalnız 400-ü premium kateqoriyaya aid edilir. Məsələn, Yunanıstandakı D-Marin Gouvia marinasında bir dayanacaq yeri üçün üç-dörd gəminin rəqabət apardığı qeyd olunur.

Bu şərait marina operatorlarına xidmət haqlarını artırmaq və əlavə gəlir mənbələri yaratmaq imkanı verir.

Marina biznesi investorlar üçün bir neçə üstünlüyə malikdir: təkrarlanan gəlirlər, yüksək tələbat və bazarın çoxsaylı operatorlar arasında bölünməsi. Bu xüsusiyyətlər iri şirkətlərə satınalmalar vasitəsilə bazardakı mövqelərini genişləndirmək imkanı yaradır.

İnvestisiya şirkəti Blackstone ABŞ-ın iri marina operatorlarından biri olan Safe Harbor Marinası 5,7 milyard dollara satın alıb. Avqust ayında isə Safe Harbor dəniz texnikası satıcısı MarineMaxı 1,5 milyard dollara almaq barədə razılığa gəlib. Sövdələşmənin birja qiymətinə nisbətən 100% mükafatla həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir.

Avropada da marina bazarında iri sövdələşmələr baş verir. CVC fondu Aralıq dənizi regionunda fəaliyyət göstərən D-Marin operatorunu InfraVia şirkətinə 1 milyard avrodan yüksək məbləğə satıb.

Bu əməliyyatlar marina biznesinin yalnız turizm sahəsi deyil, həm də uzunmüddətli gəlir potensialı olan infrastruktur aktivləri kimi qiymətləndirildiyini göstərir.

Avropa və ABŞ-da yeni marina tikintisini məhdudlaşdıran amillər fonunda Asiya və Yaxın Şərqdə infrastruktur layihələri genişlənir.

Honkonqda 2028-ci ildə 500 dayanacaq yeri olan super-yaxta limanının istifadəyə verilməsi planlaşdırılır. Yaponiyada Kobe Marina, Birləşmiş Ərəb Əmirliklərində isə Aldar şirkətinin Sədiya adasında həyata keçirdiyi Əbu-Dabi marina layihəsi regionun dəniz turizmi infrastrukturunu genişləndirməyə yönəlib.

Yeni layihələr bu regionların beynəlxalq yaxta marşrutlarında mövqelərini gücləndirə və yüksək gəlirli turizm seqmentindən daha böyük pay əldə etməsinə şərait yarada bilər.

MONETAR.AZ