Azərbaycanda pambıq üçün subsidiya fərqli olacaq

Azərbaycanda pambıq üçün subsidiya

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2027-ci ildən pambıq üzrə məhsul subsidiyasının məbləği istifadə olunan suvarma texnologiyasına və torpağın lazerlə hamarlanmasına uyğun olaraq diferensiallaşdırılacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2027-ci ildən pambıq subsidiyasının hesablanması zamanı iki əsas meyar nəzərə alınacaq.

Birinci meyar torpağın lazerlə hamarlanmasıdır. Torpağını lazerlə hamarladan fermerlər bu tədbirin tətbiq edildiyi ilk ildə daha yüksək subsidiya əldə edəcəklər. Digər hallarda, o cümlədən lazerlə hamarlamanın tətbiqindən sonrakı illərdə subsidiya məbləği daha aşağı olacaq.

İkinci meyar isə istifadə olunan suvarma sisteminin növüdür. Damcı suvarma sistemindən istifadə edən fermerlərə daha yüksək, ənənəvi suvarma üsullarından istifadə edənlərə isə nisbətən aşağı subsidiya ödəniləcək.

Müəyyən edilmiş qaydalara əsasən, məhsulun hər tonuna görə subsidiya məbləği aşağıdakı kimi hesablanacaq:

Torpağın lazerlə hamarlanmasının ilk ilində:

  • Damcı suvarma sistemi tətbiq edildikdə — hər tona görə 350 manat;

  • Digər müasir suvarma sistemlərindən istifadə edildikdə — hər tona görə 265 manat;

  • Müasir suvarma sistemi olmadıqda, yəni ənənəvi suvarma tətbiq edildikdə — hər tona görə 250 manat.

Digər hallarda, yəni lazerlə hamarlama tətbiq edilmədikdə və ya onun tətbiqinin ilk ilindən sonra:

  • Damcı suvarma sistemi tətbiq edildikdə — hər tona görə 300 manat;

  • Digər müasir suvarma sistemlərindən istifadə edildikdə — hər tona görə 215 manat;

  • Ənənəvi suvarma tətbiq edildikdə — hər tona görə 200 manat.

AKİA-dan bildirilib ki, Aqrar Subsidiya Şurası müxtəlif texnika və avadanlıq növləri üzrə tətbiq edilən güzəştlərin həcmini də müəyyən edib.

Güzəştli şərtlərlə texnika əldə edilərkən onun satış dəyərinin 20 faizi həcmində ilkin ödəniş alıcı tərəfindən ödənilir. Müəyyən edilmiş güzəşt məbləği dövlət büdcəsindən Agentliyə ayrılan vəsait hesabına müvəkkil təşkilatlar vasitəsilə qarşılanır. Texnikanın dəyərinin qalan hissəsi isə həmin təşkilatlar tərəfindən kredit və lizinq yolu ilə maliyyələşdirilir. Kredit və lizinq üzrə faizlər dövlət büdcəsi hesabına ödənilir.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, suvarma sistemlərinin alınması üçün güzəştlər aşağıdakı həcmdə müəyyən edilib:

  • Yerli istehsal olan damcı suvarma sistemləri üçün — 60%;

  • İdxal edilən damcı suvarma sistemləri üçün — 50%;

  • Digər suvarma sistemləri üçün — 40%.

Pambıq əkinlərində damcı suvarma sisteminin tətbiqi suya qənaət, torpaqda optimal nəmlik rejiminin yaradılması və məhsuldarlığın artırılması baxımından məqsədəuyğun hesab olunur. Su birbaşa bitkinin kök zonasına verildiyindən itkilər azalır, gübrələrin su ilə birlikdə tətbiqi mümkün olur və bitkinin suya tələbatını daha dəqiq tənzimləmək mümkünləşir.

Xüsusilə su qıtlığı yaşanan ərazilərdə bu texnologiya su ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir. Dövlət dəstəyi isə fermerlərin istehsal xərclərinin azalmasına və gəlirlərinin artmasına şərait yaradır.

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1-ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətini və ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə monitorinqlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir.

Monitorinq zamanı məlumatların çarpaz yoxlanılması, peyk təsvirləri və ortofoto xəritələr əsasında yerüstü müşahidələr, eləcə də əkin sahələrində yerində yoxlamalar aparılır.

Bundan əlavə, risk meyarları və daxil olan müraciətlər əsasında seçilmiş əkin sahələri DAİM və AKİA mütəxəssisləri tərəfindən yoxlanılır. Müşahidələrin nəticələri aktlaşdırılaraq EKTİS-ə daxil edilir.

Monitorinq zamanı faktiki əkin sahəsi ilə bəyan edilmiş məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda, qaydaların tələblərinə uyğun olaraq subsidiya məbləği azaldıla və ya onun ödənilməsindən imtina edilə bilər.

Əkin subsidiyası ödənildikdən sonra aparılan monitorinqlər nəticəsində pozuntular müəyyən edilərsə, qanunvericiliyə uyğun olaraq fermerə ödənilmiş vəsaitin geri qaytarılması və növbəti il üçün subsidiyanın hesablanmaması ilə bağlı tədbirlər görülür.