Oktyabrın 21-də Azərbaycanda 18 torpaq sahəsi üzrə hərrac keçiriləcək. Torpaqlar fərdi yaşayış evi tikintisi və kənd təsərrüfatı məqsədləri üçün satışa və ya uzunmüddətli icarəyə təklif olunur.
Monetar.az xəbər verir ki, hərraclar Xızı, Lənkəran, Astara, Kürdəmir, Ucar, Ağcabədi, İmişli, Cəlilabad və Masallı rayonlarında yerləşən bələdiyyə torpaqlarını əhatə edir.
Təkliflər arasında Xızı rayonunun Xələnc kəndində fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan 350 kvadratmetrlik torpaq sahəsi də var. Sahənin ilkin satış qiyməti 5 285 manat müəyyən edilib.
Kənd təsərrüfatı üçün ayrılan torpaqların əksəriyyəti 15 il müddətinə icarəyə veriləcək. İcarə təklifləri arasında Cəlilabad şəhərində yerləşən 4 000 kvadratmetrlik sahə də var. Bu torpaq üçün illik icarə haqqı 160 manatdır.
Ən böyük torpaq sahələri İmişli rayonunun Oruclu kəndində yerləşir. Burada heyvandarlıq məqsədilə 7 və 7,8 hektarlıq örüş sahələri 15 illik icarəyə təklif olunur. Onların illik icarə haqları müvafiq olaraq 1 022 manat və 1 138,80 manatdır.