Binance ətrafında haker qalmaqalı Bitcoinin qiymətini düşürdü

Binance ətrafında haker qalmaqalı

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance-də təhlükəsizlik insidenti ilə bağlı yayılan xəbərlər rəqəmsal aktivlər bazarında kəskin satışlara səbəb olub. Haker hücumu və istifadəçi vəsaitlərinin icazəsiz çıxarılması barədə məlumatların fonunda Bitcoinin qiyməti enişini davam etdirərək 78 505,9 dollara düşüb.

Bakı vaxtı ilə saat 03:41-də qeydə alınan göstəriciyə əsasən, bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta 3,5% ucuzlaşıb. Bununla da Bitcoinin oktyabr ayını 6,1% itki ilə başa vurması ehtimalı yaranıb. Nəticədə kriptovalyuta bazarında adətən oktyabr yüksəlişini ifadə edən “Uptober” tendensiyası ardıcıl ikinci ildir qeydə alınmaya bilər.

Satış təzyiqinin güclənməsi Binance-in davam edən təhlükəsizlik insidenti ilə əlaqədar istifadəçilərin vəsait çıxarılması əməliyyatlarını dayandırdığını açıqlamasından sonra baş verib.

Məlumatlara görə, çərşənbə axşamı axşam saatlarından etibarən bir sıra istifadəçilər hesablarından icazəsiz vəsait çıxarılması ilə bağlı şikayətlər ediblər.

Coinglass blokçeyn analitika platformasının təqdim etdiyi məlumatlarda birjadan ümumilikdə təxminən 5,3 milyard dollar dəyərində kriptovalyutanın çıxarıldığı bildirilir. Bu məbləğin tərkibində:

  • 1,66 milyard dollar dəyərində USDT steyblkoinləri;

  • 17 985 ədəd Bitkoin – təxminən 1,45 milyard dollar;

  • 767 milyon dollar dəyərində USDC;

  • Əhəmiyyətli həcmdə Ether və digər kiçik kapitallaşmalı altkoinlər yer alır.

Məlumatda Binance-in doğma tokeni olan BNB-nin birjadakı qalıqlarının hadisədən zərər görmədiyi qeyd olunur.

Əgər göstərilən məbləğlər və hadisənin miqyası təsdiqlənərsə, bu insident dollar ifadəsində kriptovalyuta sənayesinin tarixində ən böyük kiberhücumlardan biri kimi qiymətləndirilə bilər.

Hadisəyə kriptovalyuta sektorunun digər böyük iştirakçıları da reaksiya veriblər.

USDC steyblkoininin emitenti olan Circle şirkətinin 800 milyon dollardan çox USDC-ni blokladığı bildirilir. Tether isə 1,567 milyard dollardan artıq USDT vəsaitini dondurduğunu açıqlayıb.

Binance nümayəndəsi Investing.com portalına açıqlamasında istifadəçi aktivlərinin təhlükəsiz olduğunu və SAFU – istifadəçilərin aktivlərini qorumaq üçün yaradılmış fond mexanizminin fəaliyyət göstərdiyini bildirib.

Binance ətrafında yaranan narahatlıq kriptovalyuta bazarının digər aparıcı aktivlərinə də təsir göstərib. İkinci ən böyük kriptovalyuta olan Ether 4,4% dəyər itirərək 2 256,26 dollara enib.

Binance ekosisteminin əsas tokeni BNB-nin qiyməti isə cümə günü 7,8% azalaraq 700,11 dollar təşkil edib.

Kriptovalyutalardakı eniş yalnız Binance ilə bağlı xəbərlərlə məhdudlaşmayıb. ABŞ-da açıqlanan yüksək inflyasiya göstəriciləri, o cümlədən şəxsi istehlak xərcləri (PCE) indeksi, eləcə də texnologiya sektorundakı zəifləmə investorların riskli aktivlərə marağını azaldan amillər sırasında göstərilir.

Təhlükəsizlik insidenti ilə bağlı xəbərlər onsuz da təzyiq altında olan kriptovalyuta bazarında satışları daha da gücləndirib. Bitcoinin oktyabrı itki ilə başa vurması ehtimalı isə bazarda ənənəvi “Uptober” gözləntilərinin yenidən doğrulmaya biləcəyini göstərir.

MONETAR.AZ