Bitcoin bu gün ucuzlaşmaqda davam edərək son dövrdə formalaşmış ticarət diapazonundan aşağı düşüb. Buna kriptovalyutanın ən böyük korporativ sahibi olan Strategy şirkətinin alışları dayandırması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə keçiriləcək iclası öncəsi investorların ehtiyatlı davranması təsir göstərib.
Kriptovalyuta bazarının digər seqmentlərində də bu gün əsasən qiymət azalması qeydə alınıb. İnvestorlar FED-in qərarı ərəfəsində kriptovalyutalar kimi yüksək riskli aktivlərə münasibətdə ehtiyatlı mövqe tutublar.
Bakı vaxtı ilə saat 10:43-ə olan məlumata görə, bitkoinin qiyməti 0,5% azalaraq 79 830,3 dollara enib.
Neft qiymətlərinin aşağı düşməsi kriptovalyuta bazarına ciddi dəstək verməyib. Texnologiya şirkətlərinin səhmlərinin bahalaşması fonunda Asiya və digər bazarlarda müşahidə olunan fond bazarı yüksəlişi də kriptovalyutaların qiymətinə əhəmiyyətli təsir göstərməyib.
Bu gün baş verən ucuzlaşma nəticəsində bitkoin son bir ay ərzində formalaşmış 80 000–87 000 dollar diapazonunun aşağı həddini keçərək 80 min dollardan aşağı düşüb.
MONETAR.AZ